Zaxarova yenə Qafandakı konsulluqdan danışdı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, 2025-ci ilin may ayına qədər Rusiyanın Ermənistanın Sünik vilayətinin Qafan şəhərində baş konsulluğunun açılmasıyla bağlı konkret tarix məlum olacaq. Bu barədə Zaxarova Xarici İşlər Nazirliyinin həftəlik brifinqində danışıb. “Konsulluğun açılması "ticarət və investisiya əməkdaşlığının dərinləşməsinə və bu ərazi ilə Rusiyanın regionları arasında əlaqələrin qurulmasına əhəmiyyətli təkan verəcək", - deyə Zaxarova qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, açılışı “mütərəqqi rus diplomatlar qrupu” həyata keçirir. Onun sözlərinə görə, bu qrupun işi yanvar və mart aylarında Moskvada Rusiya və Ermənistan Xarici İşlər nazirliklərinin rəhbərləri tərəfindən müzakirə olunub. 2023-cü ilin noyabrında Rusiya hökuməti Ermənistanın Sünik vilayətinin Qafan şəhərində baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib. Konsulluğun 2024-cü ilin əvvəlində açılacağı gözlənilirdi, lakin bu proses ləngidi.
Surxay Əliyev