Qırğızlar da rus dilindən üz döndərdi

"Foreign Policy" yazır ki, Ukraynadakı müharibə Mərkəzi Asiyada linqvistik dəyişikliyi gücləndirdi, gənclər öz ana dillərində ünsiyyət qurmağı seçdilər və rus dilini tərk etdilər. Qazaxıstan və Özbəkistan latın əlifbasına keçdi, Qırğızıstan isə qırğız dilini qorumaq üçün qanunlar qəbul edib. Nəşr qeyd edir ki, bu tendensiya Bişkekdə xüsusilə nəzərə çarpır, burada qırğız dilinin təsiri təkcə gündəlik ünsiyyətdə deyil, həm də mədəniyyət və siyasətdə də güclənir. Müharibə başlayandan sonra Qırğızıstan Rusiyadan miqrasiya üçün əsas məkana çevrildi. Təkcə 2022-ci ildə ölkədə 270 mindən çox Rusiya vətəndaşı qeydiyyatdan keçib. Bu axın rus dilinin cəmiyyətdəki rolu və milli kimliyin qorunması zərurəti ilə bağlı daxili mübahisələrə səbəb olub. Getdikcə daha tez-tez cəmiyyətdə rus dilinin millətlərarası ünsiyyət dili kimi qorunub saxlanmasının mədəni suverenliyi təhdid edə biləcəyi barədə fikirlər səslənir. 2023-cü ildə prezident Sadır Japarov bütün məmurların rəsmi fəaliyyətlərində qırğız dilindən istifadə etmələrini tələb edən qanun imzalayıb. Bu qərar Moskvada mənfi reaksiya doğursa da, ölkə daxilində tarixi ədalətin bərpası istiqamətində atılan addım kimi qəbul edildi. Qırğız dili tədricən peşəkar yüksəliş dilinə və milli kimliyin simvoluna çevrilir. Qırğız dilinin tədrisi üzrə ixtisaslaşan Lingua Yurt məktəbinə təkcə yerli sakinlər tərəfindən deyil, həm də Qırğızıstanda işləyən əcnəbilər tərəfindən tələbat artıb. Rusiya imperiyası dövründən bəri rus dili mədəni birləşmə və assimilyasiyanın əsas aləti rolunu oynamışdır. Sovet dövründə ruslaşdırma siyasəti nəinki dayanmadı, əksinə, daha da geniş vüsət aldı. Xüsusilə 1920-ci illərdə İosif Stalinin dövründə xalqlar fəal şəkildə ruslaşdırıldı. O zaman Moskva bilərəkdən respublikalarda istənilən etnik və dil müxtəlifliyini boğaraq, rus dilinin mərkəzi yer tutduğu ümumi sovet kimliyini tətbiq edirdi. Bununla belə, Rusiya-Ukrayna müharibəsi Rusiyanın bir çox qonşularını və xalqlarını rus dilinin əhəmiyyətini yenidən nəzərdən keçirməyə məcbur etdi. Ukrayna və Baltikyanı ölkələr də daxil olmaqla, keçmiş Sovet İttifaqının bir çox dövlətlərində milli dillərin dirçəlişinə doğru kəskin dönüş baş verib. “Foreign Policy” vurğulayır ki, Mərkəzi Asiyada bu proses daha ləng gedirdi, lakin indi bu prosesin sürətlənməsi hiss olunur.
Surxay Əliyev