"İsrail ordusuna Qəzzanı “düzləmək” tapşırığı verilib”

"İsrail ordusu Qəzzanı "steril zona"ya çevirmək əmri aldığını açıqlayıb. İsrailin insan haqları təşkilatının məlumatına görə, İsrail əsgərlərinə eni 1,5 km-ə qədər olan bufer zonası yaratmaq üçün Qəzzada torpaqları təmizləmək və yaşayış məntəqələrini dağıtmaq əmri verilib. Onların sözlərinə görə, bu zonalarda dəqiq qaydalar yox idi və hər şeyi komandirlər yerindəcə həll edirdi və yaxınlaşan hər kəs təhlükə sayılaraq öldürülə bilərdi. Hərbçilər eksklavı şimal və cənub sahələrə ayıran "Netzarim dəhlizi" adlanan ərazinin və Qəzzanın şərq sərhədinin "steril zona"ya çevrildiyini, evlərin, istixanaların, təsərrüfatların və əkin sahələrinin dağıdıldığını bildirir.
BtS-in məlumatına görə, 3500-ə yaxın bina və əkin sahələrinin 35%-ə qədəri dağıdılıb ki, bu da regionun özünü qida ilə təmin etmə imkanını pozub. Hərbçilər təsdiq edirlər ki, onların missiyalarına zirehli maşınlar və buldozerlərdən istifadə etməklə ərazilərin cəsədlərdən təmizlənməsi, minaların qoyulması və bütün məhəllələrin tamamilə dağıdılması daxildir. Çavuşlardan biri bunu belə etiraf etdi: "Əsas vəzifə məhv etməkdir. Yüzlərlə obyekt. Hər şey düm-düz olmalıdır".
Bundan əvvəl BMT və Beynəlxalq Amnistiya Təşkilatı İsrailin sahilyanı anklavda hərəkətlərini mümkün müharibə cinayətləri adlandırmışdı. Təşkilat baş verənləri “məhv etmə , özgəninkiləşdirmə və qovulma” adlandırır və bu cür siyasətlərin qarşısını almağa çağırıb.
Surxay Əliyev