Ərdoğan İsraili Qəzzada "quldurluq"da ittiham etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Qəzzada hərbi cinayətlər törətməkdə ittiham edərək, bundan sonra da Türkiyənin qlobal sionist lobbi ilə mübarizəni qətiyyətlə davam etdirəyini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Qəzzada "quldurluq" və "insan ləyaqətini kobud şəkildə pozmaqda" ittiham edərək, bu ölkəyə qarşı sərt bəyanatlar səsləndirib. O vurğulayıb ki, Ankara "qlobal sionist lobbisinin təzyiqlərinə baxmayaraq,həmişə zalımlara həqiqəti üzlərinə çırpmağa" davam edəcək. Bu fikirləri Ərdoğan Ankarada AK Partiya vilayət liderlərinin geniş toplantısında dilə gətirib: sitat-"Qlobal sionist lobbisinin təzyiqləri qarşısında həmişə etdiyimiz kimi, zalımlara qarşı möhkəm durmağa və həqiqəti söyləməyə yenə də davam edəcəyik"-sitatın sonu.
Ərdoğan təcili yardım maşınlarının vurulması və tibb işçilərinin öldürülməsi ilə bağlı xəbərlərə istinad edərək, İsrailin Qəzzada törətdiyi zorakılığı "açıq quldurluq" kimi xarakterizə edib:- “Bunlar açıq-aşkar hərbi cinayətlərdir”, - deyə Türkiyə lideri əlavə edib. Türkiyə prezidenti Rəfahda 14 digər təcili yardım işçisinin və kütləvi məzarlıqda cəsədi tapılan fələstinli həkimin telefonunda yayılan videonu xatırladıb. Ərdoğanın sözlərinə görə, video İsrail ordusunun tibb qruplarının hədəf alınmaması ilə bağlı iddialarını təkzib edir. "İsrail Qəzzada insan ləyaqətini kobud şəkildə pozmaqda davam edir və biz geri çəkilməyəcəyik. Biz heç vaxt fələstinlilərdən üz döndərməyəcəyik", - deyə o,vurğulayıb. Ərdoğan həmçinin bildirib ki, o, aprelin 11-dən 13-dək Antalyada keçiriləcək Diplomatiya Forumunda Qəzzadakı vəziyyəti müzakirə etmək niyyətindədir. “Biz zülmü dayandırmaq üçün nə etmək olar sualına cavab axtaracağıq. Bundan əlavə, Türkiyə lideri Suriyaya dəstəyini də vurğulayaraq, Ankaranın “hər zaman suriyalı qardaş və bacılarımızın yanında olacağını” və “Suriyada sabitliyin təmin edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri qətiyyətlə yerinə yetirəcəyini” bildirib. Suriya prezidenti Əhməd əl-Şaaranın Antalyada keçiriləcək Foruma qatılacağı gözlənilir.
Surxay Əliyev