İran-ABŞ danışıqlarının yeri və tarixi açıqlandı - “razılaşma olmasa, İran böyük təhlükə ilə üz-üzə qalacaq”

İranın xarici işlər naziri Abbas Ərakçi İran və ABŞ arasında dolayı danışıqların aprelin 12-də Omanda başlayacağını açıqlayıb.
"İran və ABŞ şənbə günü Omanda yüksək səviyyəli dolayı danışıqlar üçün bir araya gələcək. Bu həm bir fürsət, həm də sınaqdır. Top ABŞ-ın meydanındadır" – deyə Ərakçi X sosial media hesabından paylaşdığı mesajda bildirib.
Qeyd edək ki, 2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xamneyiyə məktub göndərərək birbaşa nüvə danışıqlarına çağırıb. İran isə təhdidlərin də yer aldığı məktuba Oman vasitəsilə cavab verərək, təhdid və təzyiq altında birbaşa danışıqlara getməyəcəklərini və yalnız dolayı danışıqlara hazır olduqlarını bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi dünən Tehranda keçirdiyi mətbuat konfransında təklif etdikləri dolayı danışıqlar formatı ilə bağlı Vaşinqtonun qərarını gözlədiklərini bildirib. Bekayi Omanın vasitəçilik üçün əsas namizəd olduğunu da bildirib.
Tramp isə Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İran və ABŞ arasında birbaşa danışıqların şənbə günü keçiriləcəyini deyib. Tramp, əgər razılaşma əldə olunmasa, İranın böyük təhlükə ilə üz-üzə qalacağını deyib.
TAHİR