Hakan Fidan İsraili məsuliyyətli olmağa çağırdı

İsrail regionda xarici siyasətini “daha böyük məsuliyyətlə” aparmalıdır; onun seçdiyi vektor heç zaman yəhudi dövlətinə sabitlik gətirməyəcək. Bu fikri Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib. "İsrail xarici siyasətində daha məsuliyyətli olmalıdır. Onun seçdiyi strategiya, xüsusən də işğal siyasəti ona heç vaxt təhlükəsizlik gətirməyəcək,əksinə mənfi nəticələrə səbəb olacaq.
"Ola bilsin ki, onun həyata keçirdiyi təxribatlar bəzi taktiki məsələləri müvəqqəti də olsa həll etsin, lakin strateji müstəvidə dəymiş ziyan daha ciddi olacaq", - deyə Hakan Fidan Suriya sərhədindəki hazırkı vəziyyəti şərh edərkən İsrailə xəbərdarlıq edib. Fidanın fikrincə, İsraildə iki əsas siyasi istiqamət var: birincinin tərəfdarları region ölkələri ilə “qarşılıqlı hörmət əsasında” münasibətlər qurmağa çalışır, ikincisi isə qonşularını zəiflətməklə yəhudi dövlətinin təhlükəsizliyini qorumağa çalışır. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri əmindir ki, İsrailin hazırkı baş naziri Binyamin Netanyahu ikinci cərəyana aiddir. “Biz bu taktikanın əvvəllər dəfələrlə istifadə edildiyini görmüşük və bu, heç vaxt İsrailin özünün və ya bütün regionun xeyrinə olmayıb, əksinə daha çox problemlərə səbəb olub”, - deyə Fidan vurğulayıb.
Surxay Əliyev