İpə-sapa yatmayan Kreml yenə şərt irəli sürdü

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ukraynada atəşkəs ideyasını dəstəkləyir, lakin bir sıra əsas təhlükəsizlik məsələlərinin həllini tələb edir. Peskova görə, Rusiya hakimiyyəti Ukrayna ordusunun yenidən silahlanmasının mümkünlüyü və “ekstremist” qruplara nəzarətin olmamasından narahatdır. "Bu suallar havadadır, hələ ki, heç kim onlara cavab verməyib. Bu həm Kiyev rejimində nəzarətin olmaması, həm də Kiyev rejiminin sadəcə olaraq Kiyevə tabe olmayan bir sıra ekstremist və millətçi birləşmələrin hərəkətlərinə nəzarət edə bilməməsi ilə bağlıdır. Bu həm də Kiyevin daha da hərbiləşdirilməsi planları ilə bağlıdır. Eyni zamanda, Kreml hesab edir ki, Rusiya hərbi əməliyyatların dayandırılmasının zəruriliyi ilə razılaşmaqla yanaşı, öz milli maraqlarının qorunmasının da təmin edilməsini istəyir. “Tezliklə atəşkəs zərurəti ilə bağlı, biz də öz maraqlarımızı təmin etməliyik və bayaq haqqında danışdığım aspektləri aydınlaşdırmalıyıq”, - deyə Kreml nümayəndəsi qeyd edib.
Məlum olduğu kimi, mart ayında Birləşmiş Ştatlar 30 günlük atəşkəs təşəbbüsü ilə çıxış etdi və bunun ardınca hərbi əməliyyatların yekununa dair razılaşma əldə edildi. Ukrayna bu təklifi qəbul etdi, lakin Rusiya Prezidenti Vladimir Putin atəşkəs şərtlərinə əməl olunmasına kimin nəzarət edəcəyi məsələsi də daxil olmaqla, nəzərə alınmalı olan bir sıra “nüanslara” diqqət çəkdi. ABŞ-la Rusiya və Ukrayna arasında ayrı-ayrılıqda aparılan məsləhətləşmələr nəticəsində tərəflər enerji obyektlərinə hücumların dayandırılması, eləcə də Qara dənizdə naviqasiyanın təhlükəsizliyinə təminat verilməsi barədə razılığa gələ biliblər. Lakin bu razılaşmalara baxmayaraq, tərəflər mütəmadi olaraq bir-birini razılaşmaları pozmaqda ittiham edirlər. Belə ki, bu yaxınlarda Krivoy Roq şəhərinə 20 nəfərin ölümü və 75 nəfərin yaralanması ilə nəticələnən hücumdan sonra Kiyev Moskvanı sosial obyektlərə zərbələr endirməkdə ittiham edib, Peskov isə bunu qəti şəkildə rədd edir.
Surxay Əliyev