ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə insan Fələstinə dəstək nümayişi keçirib. Etirazçılar Kapitoli binasının qarşısındakı Milli Mall ərazisinə toplaşıblar. Mitinqi 300-ə yaxın vətəndaş cəmiyyəti təşkilatı təşkil edib. Nümayişçilər İsrailin Qəzza zolağına hücumlarına etiraz ediblər. Aksiya iştirakcıları əllərində Fələstin bayraqları və “Yaşasın Qəzza”, “Qəzza ölsə, insanlıq öləcək”, “Sionizm ölümə bərabərdir” yazılmış plakatlar tutmuşlar.Etirazçılar “Fələstin azad olsun”, “Soyqırıma son” və “Tramp, Fələstin soyqırımından gizlənə bilməzsən” kimi şüarlar səsləndiriblər. İsrailin təcavüzü nəticəsində həlak olan uşaqların xatirəsinə yüzlərlə uşaq ayaqqabısı Kapitol binasının qarşısına düzülüb. Mitinqdə pravoslav yəhudi qruplarının nümayəndələrinin də olması diqqət çəkib. Nümayişdə həmçinin Fələstinə dəstək verdiyi üçün İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılan Kolumbiya Universitetindən Fələstin tərəfdarı Mahmud Xəlil və Tufts Universitetinin türkiyəli tələbəsi Rümeysa Öztürkün azadlığa buraxılması da tələb edilib. Polis aksiyanın keçirildiyi ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb. Bir sıra küçə və prospektlər nəqliyyatın hərəkəti üçün bağlanıb.
Surxay Əliyev