İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

İsrail türk qoşunlarının Colan təpələri yaxınlığında yerləşdirilməsinə imkan verməyəcək. Bu barədə yazan “Ynet” xəbər verir ki, gələn həftə Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə Türkiyənin bölgədəki mövcudluğu müzakirə olunacaq. Nəşr qeyd edir ki, İsrail Türkiyənin Suriyadakı bazalarından pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemlərini yerləşdirmək üçün istifadə edə biləcəyindən qorxur.Çünki, bu sərhədlərin mühafizəsini çətinləşdirərək hərbi münaqişəyə səbəb ola bilər. Keçmiş prezident Bəşər Əsəd rejiminin süqutundan əvvəl İsrailin guya onlarla əlaqə saxladığı Rusiya qüvvələri var idi. Əgər Türkiyə ordusu bölgəyə gələrsə, o zaman İsrail öz vətəndaşlarını qorumaq üçün istənilən hərəkəti diqqətlə izləməli və bu cür hərəkətlərin Türkiyə ilə hərbi münaqişəyə səbəb olub-olmayacağı barədə düşünməli olacaq. Həmçinin İsrail Türkiyənin himayəsi altında - Suriyadan Qəzza zolağına qədər - İranın şiə təsirini əvəz edə biləcək sünni islamçı oxunun formalaşa bilməsindən narahatdır. Eyni zamanda, Türkiyə İsraillə diplomatik əlaqə kanallarını saxlayır və dialoq davam edir. İsrail vəziyyət sabitləşənə qədər Suriyanın ABŞ, Rusiya, Türkiyə və keçid hökumətinin iştirakı ilə müvəqqəti təsir zonalarına bölünməsini təklif edir. Suriyanın yeni təyin olunmuş Nazirlər Kabinetinin beş il müddətinə fəaliyyət göstərəcəyi gözlənilir. Bu müddət ərzində ölkə Konstitusiyasına lazımi düzəlişlər ediləcək və ümumi seçkilər keçiriləcək.
Surxay Əliyev