Pezeşkian: “ABŞ təkcə İranı deyil, bütün dünyanı aşağılayır”

“İran ABŞ-la danışıqlara hazırdır, ancaq bomba təhdidləri altında deyil. bərabər şərtlərlə, təzyiq və təhdid olmadan”... Bunu ölkə prezidenti Məsud Pezeşkian Tehranda verilişlərdən birinin efirində deyib. "İran bərabər şərtlərlə dialoq istəyir. ABŞ bir tərəfdən İranı təhdid edir, digər tərəfdən isə danışıqlar istəyir. Əgər dialoq istəyirsənsə, təhdid etməyin nə mənası var? ABŞ bu gün təkcə İranı deyil, bütün dünyanı aşağılayır"-deyə İran prezidenti bəyan edib. Bəyanata səbəb ABŞ prezidenti Donald Trampın martın 7-də “Fox Business” telekanalına müsahibəsində İranın mənəvi liderinə nüvə proqramını müzakirə etmək təklifi ilə məktub göndərdiyini söyləməsi olub. Tramp razılaşmaya üstünlük verəcəyini desə də əlavə edib ki,əgər İran danışıqlar aparmasa, bu, onun üçün çox pis olacaq. İran nüvə silahı əldə etməməlidir. Başqa variantlar da var". İranın ruhani lideri isə cavabında deyib ki, ABŞ problemləri həll etməyə deyil, öz şərtlərini qəbul etdirməyə və dünyaya hökmranlıq etmək istəyir. Pezeşkianın sözlərinə görə, Tehran belə şərtlərlə razılaşmır.
Martın 12-də BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb və Trampın məktubunu ona təqdim edib. Tehran martın 27-də Oman vasitəsilə cavab verəcəyini vəd edib. Araqçi deyib ki, təhdidlər davam etdiyi müddətdə İran ABŞ ilə birbaşa danışıqlar aparmayacaq. Eyni zamanda, Tehran vasitəçilər vasitəsilə dialoqu mümkün sayır. O əlavə edib ki, İran yalnız nüvə proqramını müzakirə etməyə hazırdır, müdafiə məsələləri isə müzakirə mövzusu deyil.
Məlum olduğu kimi,martın 30-da Tramp İranı “heç vaxt görmədiyi bombardmanlarla” hədələmişdi. İranın ruhani lideri isə buna cavab olaraq bildirib ki, istənilən hücuma ən sərt cavab veriləcək.
Surxay Əliyev