Pezeşkiyan dəbdəbəli səyahətə çıxan köməkçisini bağışlamadı

İranda xalqın iqtisadi problemlərlə üzləşdiyi bir vaxtda şəxsi imkanları ilə Cənub qütbünə dəbdəbəli səfərə getməsi ilə bağlı tənqid hədəfinə tuş gələn prezidentin parlament işləri üzrə müavini Şəhram Dəbiri vəzifəsindən uzaqlaşdırılıb. İran Rəyasət Heyəti bu məsələ ilə bağlı yazılı açıqlama verib. Açıqlamaya görə, prezident Məsud Pezeşkiyan verdiyi fərmanla Dəbiri vəzifəsindən azad edib. Bəyanatda Pezeşkiyanın bu açıqlamaları yer alıb: sitat - "Müəyyən edilib ki, Novruz bayramında Cənub qütbündə istirahətdə olmusunuz. Dindarlardan nümunə götürməklə fəxr edən bir hökumətdə, əhalinin iqtisadi sıxıntısının hələ də davam edtiyi və yoxsulların çox olduğu bir ölkədə məmurların bahalı istirahətə, hətta şəxsi xərcləriylə belə olsa getməsi bəyənilmir və bu heç nəylə əsaslandırıla bilməz. Bu məmurların sadə yaşayış standartlarına uyğun gəlmir"-sitatın sonu.
Məlum olduğu kimi,vitse-prezident Dəbirinin Novruz bayramında Cənub qütbünə getdiyi üzə çıxanda xüsusilə mühafizəkar medianın tənqid hədəfinə çevrilib. Zəngin bir həkim olan Dəbiri səfərə dövlətin vəsaiti ilə deyil, öz pulu ilə getdiyini açıqlasa da, xalqın iqtisadi problemlərlə mübarizə apardığı ölkədə bu mənfi reaksiyalar doğurub.
Surxay Əliyev