“Dünya Müsəlman Alimlər Birliyi” İsrailə cihad elan elədi

Dünya Müsəlman Alimləri Birliyi İsrailin Qəzzaya hücumları və atəşkəsi pozması nəticəsində silahlı cihadın bütün müsəlmanlar üçün vacib olduğunu bildirən fətva verib. Fətvada təcili olaraq “İslam hərbi ittifaqı”nın yaradılması tələb olunur. Dünya Müsəlman Alimləri Birliyinin Fətva Komitəsinin dərc etdiyi bəyanatda deyilir: “Fələstində işğalçı qüvvəyə qarşı silahlı cihad etmək hər bir müsəlmana vacibdir”. Fətvada ərəb və islam ölkələrinin dərhal hərbi müdaxilə etməli olduğu bildirilib və İsrailin “qurudan, dənizdən və havadan mühasirəyə alınması” vurğulanıb. Bundan əlavə, bu ölkələrdə su yollarının və hava məkanlarının bağlanması çağırışı edilib. Fətvada həmçinin “müqavimətə hərbi, maliyyə və hüquqi dəstək verilməsinin” vacibliyinə diqqət çəkilib. Həmçinin İsraillə münasibətlərin normallaşdırılmasının şəriət qanunlarına zidd olduğu və İsrailə neft və ya təbii qazın verilməsinin qadağan edildiyi bildirilib. Bəzi ərəb ölkələrinin İsraillə imzaladığı sülh müqavilələrinə yenidən baxılması da fətvada yer alıb. Fətvada həmçinin Qəzzada müqaviməti dəstəkləmək üçün “maliyyə cihadı”nın da həyata keçirilməsi və Qəzzaya keçidlərin açılması tələb olunur. Bundan əlavə, Amerikadakı müsəlman diasporuna prezident Donald Trampa “təcavüzü dayandırmaq və bölgəyə sülh gətirmək” vədini yerinə yetirmək üçün təzyiq göstərməyə çağırış edilib. Keçən il, 2023-cü ilin oktyabrında Muntada Əl-Ulama adlı beynəlxalq islamçı alimlər forumu eyni şəkildə İsrailə qarşı cihadın bütün müsəlmanlar üçün vacib olduğunu, Həmas və digər Fələstin qruplarını dəstəklədiyini elan etdi.
Surxay Əliyev