Zelenskinin "tezliklə öləcək" dediyi Putinin limuzinində partlayış baş verdi

Rusiyanın paytaxtı Moskvada prezident Vladimir Putinin rəsmi avtomobil parkına aid olduğu güman edilən limuzində partlayış baş verib. Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum olmasa da, hadisə nəticəsində ölən və yaralanan olmadığı bildirilir. Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FSB) qərargahı yaxınlığında baş verən partlayışdan sonra limuzini alov bürüyüb. Avtomobilin mühərrikindən başlayan alov qısa müddətdə limuzinin salonuna keçib.Yanğının səbəbi hələ məlum deyil. Yanğına ilk olaraq ərazidəki restoran işçiləri müdaxilə edib. Kremlin Prezident Əmlakının İdarə Edilməsi Müdirliyinə ayrıldığı bildirilən avtomobilin sükanı arxasında kimin olduğu və partlayışa nəyin səbəb olduğu hələlik məlum deyil. Son illər Putinin təhlükəsizliyini artırmaq üçün geniş tədbirlər görülüb və Putinə qarşı istənilən sui-qəsd cəhdinə nüvə cavabı veriləcəyi açıqlanıb. Putin müntəzəm olaraq səyahət üçün limuzin parkından istifadə etsə də, keçmişdə Şimali Koreya lideri Kim Çen In da daxil olmaqla, bir çox dünya liderlərinə bu avtomobilləri hədiyyə edib.
Cümə axşamı, martın 27-də Ukrayna prezidenti Vladimir Zelenski verdiyi açıqlamada Putinin ölməkdən qorxduğunu bildirmişdi və əlavə etmişdi ki, "Onsuz da tezliklə öləcək, bu, həqiqətdir. Və jər şey bitəcək" deyib. Hadisənin Zelenskinin açıqlamasından cəmi 2 gün sonra baş verməsi diqqət çəkib.
Surxay Əliyev