Danimarka XİN rəhbəri ABŞ-ı Qrenlandiya ilə bağlı tonunu dəyişməyə çağırdı

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ABŞ rəhbərliyini Qrenlandiyayla bağlı bəyanatların tonunu dəyişməyə və Arktikada təhlükəsizliyi gücləndirmək üçün birgə həll yollarını axtarmağa çağırıb. “European Pravda” xəbər verir ki, o, ABŞ-ın vitse-prezidenti Vensin Qrenlandiyaya səfərindən sonra X hesabında belə bir müraciət dərc edib. "Əlbəttə, biz tənqidi qəbul edirik. Amma dürüst olmalıyıq: onun ifadə olunduğu tonu qətiyyən bəyənmirik. Siz yaxın müttəfiqlərinizlə belə danışırsınız? Və mən hələ də ABŞ və Danimarkanın yaxın müttəfiqlər olduğuna inanıram", - deyə Rasmussen bildirib. Nazir qeyd edib ki, Kopenhagen ABŞ-ın Qrenlandiyada daha çox hərbi iştiraka malik olmaq istəyini başa düşür və 1951-ci il tarixli saziş bunun üçün geniş imkanlar yaradır. "İstədiyiniz budursa, gəlin bu barədə danışaq... Biz, Danimarka və Qrenlandiya belə müzakirələrdən imtina etmirik.Bizdə olan "çərçivə" ilə çox şey edə bilərik. Gəlin ondan birgə istifadə edək"-deyə nazir bildirib.Rasmussen Vensin Danimarkanın Arktikanın təhlükəsizliyi lə bağlı kifayət qədər iş görmədiyinə dair tənqidinə də cavab verib:-"Fakt budur ki, biz hamımız sülhdən dividendlər əldə etmişik. Biz hamımız Arktikanın aşağı gərginlik bölgəsi olması üçün fəaliyyət göstərmişik. Lakin o dövrlər arxada qalıb, status-kvo artıq seçim deyil", - deyə Rasmussen qeyd edib. Nazir xatırladıb ki, buna görə də bir neçə həftə əvvəl Danimarka regionda təhlükəsizlik üçün irimiqyaslı investisiyalara başlamaq qərarına gəlib ki, bu isə daha çox hərbi, gəmi və pilotsuz uçuş aparatlarının cəlb edilməsini təmin edəcək. "Və unutmayaq: Qrenlandiya NATO-nun bir hissəsidir. NATO-nun təhlükəsizlik zəmanətləri artıq Qrenlandiyanı əhatə edir", - deyə Lars Lökke Rasmussen bildirib.
ABŞ-ın vitse-prezidenti J.D.Vens martın 28-də Qrenlandiyaya səfəri zamanı bildirib ki, Birləşmiş Ştatlar Qrenlandiya ətrafı regionda təhlükəsizliyin gücləndirilməsinə daha çox sərmayə qoymağı planlaşdırır, lakin adada hərbi mövcudluğunu artırmaq kimi planları yoxdur. O, adanı ilhaq etmək üçün güc tətbiqini istisna etməyən Trampın əvvəlki bəyanatlarını da yumşaldıb. Bununla belə, Vens Danimarkanın Qrenlandiya ətrafındakı bölgədə təhlükəsizliyi qorumaq üçün "öz işini görmədiyi" ittihamlarını bir daha təkrarlayıb. Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-ın vitse-prezidenti Vensin tənqidini ehtiyatla rədd edib.
Əvvəlcə Qrenlandiyaya yalnız Vensin həyat yoldaşının gələcəyi və bu səfərin mədəni-maarif xarakterli olacağı planlaşdırılırdı. Lakin həm Danimarka, həm də Qrenlandiya hakimiyyətinin tənqidləri üzündən ABŞ vitse-prezidenti də ikinci xanıma qoşulmaq qərarına gəldi və səfər milli təhlükəsizlik məsələlərinə diqqət yetirmək üçün dəyişdirildi.
Surxay Əliyev