Putinin Ukraynada “Zelenskisiz idarə etmə” təklifini BMT qeyri-ciddi saydı

ISW analitikləri hesab edirlər ki, “Kreml öz məqsədinə sadiq qalır. O,sülh danışıqları prosesini gecikdirir.Rusiya diktatoru Putin hər addımda Ukrayna prezidenti Vladimir Zelenskinin “qeyri-legitimliyi”ni xatırladır.Və bu amili qabartmaqla sülh danışıqlarının şərti kimi “xarici nəzarətin” zəruriliyi barədə bəyanatlarını informasiya məkanına daşıyır. Beləliklə də Ukraynaya qarşı müharibənin dayandırılması prosesini ləngidir”. Bu barədə Müharibənin Araşdırılması İnstitutunun (ISW) analitikləri yeni hesabatlarında bildiriblər. “Kreml danışıqları manipulyasiya edir və atəşkəs danışıqlarında əldə edilən irəliləyişdən sui-istifadə edərək Qərbdən əlavə güzəştlər almağa çalışır”, - deyə hesabatda bildirilir. ISW analitikləri hesab edirlər ki, Kreml Ukraynanın yeni-yeni ərazilərinin tədricən işğalını reallaşdırmaq və “Ukraynanın təslim olması üçün əlverişli şərait yaratmaq” üçün cəbhə xəttində müvəqqəti atəşkəs və ya daimi sülh sazişi üzrə istənilən danışıqları ləngitməyə çalışır.
Məlum olduğu kimi,Putin Ukraynanın xarici idarəçiliyi ilə bağlı martın 27-də BMT-nin himayəsi altında “xarici idarəetmə”nin tətbiqinin məqsədəuyğun olduğunu bəyan etdi. Əvvəllər də Putin davamlı olaraq deyirdi ki, o, prezident Zelenskini və Ali Radanı “qanunsuz” hesab edir, çünki Rusiyanın tammiqyaslı işğalı başlayandan sonra Ukraynada seçkilər keçirilməyib. Hansı ki, müharibə zamanı seçkilərin keçirilməsi Ukrayna konstitusiyası və digər qanunlarla qadağandır. Ertəsi gün isə Putinin Ukraynada xarici idarəetmənin tətbiqi ideyasına cavab verən BMT-nin baş katibi Antonio Quterres rus diktatorunun ideyasını ciddi qəbul etmədiyini bildirib.
Surxay Əliyev