Ukrayna ordusunda döyüşən İran vətəndaşı ilginc açıqlamalar yaydı...

Jurnalist Kuruş Seqati Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulan ilk İran vətəndaşı olub. Beynəlxalq Legiona qoşulan iranlı deyir ki,Rusiya Ukraynaya çox ağrı-açı gətirib və azadlıq uğrunda mübarizənin sərhədləri yoxdur. Bu barədə “Azadlıq” radiosunun İran xidməti məlumat yayıb.
Seqatinin özü qərarını martın 18-də X sosial şəbəkəsində elan edərək, “cinayətkar Putin və onun tərəfdarlarına qarşı mübarizədə iştirak etmək” üçün Ukrayna qüvvələrinə qoşulduğunu bəyan edib. O, qərarını qismən də iranlılar haqqında təsəvvürləri dağıtmaq istəyi ilə izah edib. Seqatinin sözlərinə görə, hazırda Rusiya ilə fəal əməkdaşlıq edən İran İslam Respublikasını heç də bütün iranlılar dəstəkləmir. Bununla yanaşı, terrorçu ölkə Rusiya son 200 ildə İrana xeyli ziyan vurub. “Mən iranlılar və ukraynalılar arasında həmrəylik mesajı verməyə çalışıram ki, ukraynalılar iranlıları İslam Respublikası ilə əlaqələndirməsinlər. Segati Beynəlxalq Legiona daxil olub və burada digər döyüşçülərlə birgə peşəkar təlim keçir. Seqati etiraf etdi ki, heç vaxt döyüşdə kimisə öldürməmişdi, lakin buna mənəvi olaraq hazır idi, çünki bu, “qanuni özünümüdafiə” idi. "Elə bil ki, kimsə evinizə silahla soxularaq sizə hücum etmək istəyir. Siz bu halda nə edərdiniz? Özünü müdafiə etmək zərurətdir, qətl deyil", - deyə iranlı jurnalist bildirib. İranlı onu da qeyd edib ki, onun Ukrayna ilə şəxsi əlaqəsi də var, çünki həyat yoldaşı bu ölkənin vətəndaşıdır və hazırda Londonda yaşayan uşaqları var. "Mən özümü Ukraynaya bağlı hiss edirəm, çünki həyat yoldaşım ukraynalıdır, uşaqlarımız isə yarı ukraynalıdır", - deyə jurnalist qeyd edib.
Kuruş Seqati müxalif iranlı jurnalistdir.O, 2004-cü ildə İranı tərk edib. Fəaliyyətinə görə bir neçə dəfə həbs olunub, ona görə də əvvəlcə Türkiyəyə, sonra isə ABŞ-a köçüb və orada vətəndaşlıq alıb. Jurnalist Amerikanın Səsinin İran xidmətində və Londonda müxalif İran Beynəlxalq telekanalında işləyib.
Surxay Əliyev