ABŞ Ukraynanın yollarına, limanlarına, neft və qazına da nəzarəti tələb edir...bir həftə vaxt verilib...

Tramp administrasiyası Ukraynada bütün əsas infrastruktur sərmayələri və gələcək faydalı qazıntıların işlənməsi üzərində nəzarətdə israrlıdır.Hansı ki, bununla Kiyevin Avropa İttifaqına gedən yolu bağlanmış olur. Bu barədə cümə axşamı Bloomberg razılaşmanın layihəsinə istinadən məlumat yayıb. Belə ki,ABŞ Ukraynadan yollar, limanlar, mədənlər, neft, qaz və ən faydalı minerallar daxil olmaqla bütün infrastruktur və təbii sərvət layihələrində nəzarət hüququnu tələb edir. Nəşr qeyd edir ki, ABŞ-ın Ukraynada iqtisadi təsirinin belə misli görünməmiş dərəcədə möhkəmlənməsi onun Aİ-yə yaxınlaşmağa çalışdığı bir vaxta təsadüf edir. Sənədə əsasən, layihələrdən əldə olunan gəlir ABŞ-ın nəzarəti altında olan xüsusi yenidənqurma fonduna daxil olacaq. Üstəlik, 2022-ci ildən Kiyevə verilən bütün hərbi və iqtisadi yardımlar Vaşinqtonun bu fonda töhfəsi hesab olunacaq. Əslində bu o deməkdir ki, Kiyev hələ fonddan vəsait almamış ABŞ-a bütün xərcləri kompensasiya etməli olacaq. Müqavilə layihəsi həmçinin Ukraynanın ABŞ-ın “strateji rəqibləri” olan ölkələrə kritik mineralların satışını qadağan edir.Həmçinin Kiyevdən bütün layihələri baxılmaq üçün fonda təqdim etmələri tələb olunacaq, rədd edilənlər isə bir il ərzində digər tərəflərə daha sərfəli şərtlərlə təklif oluna bilməz. Agentlik dəqiqləşdirib ki, danışıqlar davam edir və sazişin yekun variantına düzəlişlər edilə bilər. Ukrayna bu həftə öz düzəlişlərini təqdim etməyi planlaşdırır.
Surxay Əliyev