Xamneyi Trampa çox "tərs cavab məktubu" yazdı - ...mümkün deyil"...

İran ABŞ prezidenti Donald Trampın İslam Respublikasının ali dini lideri Əli Xamneyiyə ünvanladığı məktubuna rəsmi cavab göndərib. Bunu İRNA-ya müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib. Onun sözlərinə görə, cavab məktubu Omanın vasitəçiliyi ilə çatdırılıb. “Dünən Omanın vasitəçiliyi ilə Trampın məktubuna rəsmi cavab göndərildi”, - deyə baş diplomat bildirib. Əraqçinin sözlərinə görə, cavabda iki sənəd var. Birinci sənəddə Tehranın dünyadakı mövcud vəziyyətlə bağlı fikirləri yer alır, ikinci sənəddə isə Trampın məktubundakı məqamlar tam təhlil və şərh edilir. Mesajın məzmunu açıqlanmasa da, İranın xarici siyasətində heç bir dəyişiklik olmadığını bildirən Əraqçı qeyd edib ki, hərbi təzyiq və təhdidlər altında birbaşa danışıqlar mümkün deyil.Ancaq vasitəçilərin iştirakı ilə danışıqlar davam edə bilər.
Martın 7-də Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, o, Xamneyiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərib.
Öz növbəsində İran lideri Amerika prezidentinin bu bəyanatını şərh edərkən vurğulayıb ki, onun ölkəsi ABŞ-la birbaşa dialoq aparmayacaq, çünki Vaşinqton yalnız öz maraqlarını güdür.
Surxay Əliyev