Ermənistani müdafiə edən iranlı ekspert Türkiyənin də bostanına daş atmağı unutmadı

Ermənistan-İran Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri ermənipəst Pouya Hüseyni martın 26-da “Ermənistan xəbərləri” – NEWS.am-ın müxbiri ilə söhbətində bütün regionda gərginlik yaşandığını deyib. İranlı ekspert qeyd edib ki, Tramp administrasiyası Yaxın Şərqdə İranla İsrail və ya İranla ABŞ arasında qarşıdurma siyasəti aparır ki, bu da Azərbaycanın yaranmış vəziyyətdən yararlanma riskinə səbəb ola bilər. Bu baxımdan İran Cənubi Qafqazda sülhə nail olmaq və bu regiondan yeni cəbhənin açılmasından özünü sığortalamaq istəyir. Ekspert əlavə edib ki, bu baxımdan İran Cənubi Qafqazda sülhün tezliklə bərqərar olmasında maraqlıdır ki, özünü bu istiqamətdən gələn təhlükədən qoruya bilsin. Pouya Hüseyni İran XİN rəhbərinin Ermənistana səfərini bu gündəliyin təsdiqi adlandırıb və deyib ki, o, Tehranın region ölkələrinin sərhədlərinin toxunulmazlığına, Ermənistanın ərazi bütövlüyü və suverenliyinin qorunmasına aid olan "qırmızı xətləri"ni bir daha təkrarladı.
Daha sonra iranlı ekspert iddia edib ki,Azərbaycan sona qədər çalışacaq ki, Ermənistana təzyiq göstərməyə bir əsas yaratsın ki,daha çox güzəştlər əldə edə bilsin.İranlı ekspert hesab edir ki, Birləşmiş Ştatlar əsas rəqibi olan Çinlə qarşıdurmadan yayınaraq bütün regional münaqişələri həll etməyə çalışır, ona görə də düşünürəm ki,Vaşinqtonun Cənubi Qafqazda eskalasiyaya ehtiyacı yoxdur. Pouya Hüseyni son günlər Türkiyədə baş verən hadisələrə toxunaraq qeyd edib ki,Türkiyədəki daxili siyasi proseslər onu deməyə əsas verir ki, Bakı da sülh sazişinin imzalanmasında maraqlı olmalıdır, çünki müttəfiqi Türkiyədə ciddi daxili problemlər yaranarsa, Bakı müttəfiqini itirəcək və nəticədə bu, Azərbaycanın Cənubi Qafqazda mövqelərinin zəifləməsinə gətirib çıxaracaq. “Ona görə də vəziyyətdən istifadə edib Bakıya təzyiq göstərmək lazımdır ki, o, tezliklə sülh sazişini imzalasın və bölgədə ədalətli sülh bərqərar olsun”, - deyə iranlı ekspert yekunlaşdırıb.
Surxay Əliyev