Makron Putini Ukrayna ilə atəşkəs sazişinə əməl etməyə çağırdı

Fransa prezidenti Emmanuel Makron Ukraynaya 2 milyard avro yardım ayırmaq niyyətində olduğunu açıqlayıb
Fransa prezidenti Emmanuel Makron Parisdə Ukrayna lideri Vladimir Zelenski ilə görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Makron Fransanın “tam qətiyyətlə Ukraynanı dəstəkləməyə davam edəcəyini” və bu görüşün növbəti gün Parisdə keçirilməsi planlaşdırılan “Ukraynada təhlükəsizlik və sülh sammiti”nə hazırlıq olduğunu vurğulayıb. Fransa rəhbəri bildirib ki, Ukrayna silah tədarükü və silah istehsalına dəstək də daxil olmaqla 2 milyard avro dəyərində əlavə hərbi yardım alacaq. Makron həmçinin Rusiyanı əldə olunmuş razılaşmalara hörmət etməyə və hücumları dayandırmağa çağırıb. Onun sözlərinə görə, Ukrayna Ciddədə təklif olunan 30 günlük atəşkəs haqqında sazişi artıq təsdiqləyib, indi söz Moskvanındır:-“Lakin Rusiya hələ də konkret cavab verməyib”, – deyə Makron bildirib və əlavə edib ki,“Biz hücumların dayandırılacağını gözləyirik”.
Fransa lideri Türkiyənin vasitəçilik səylərindəki rolunu xüsusi qeyd edib. O, 2022-ci ildə Ankara və BMT-nin iştirakı ilə əldə olunan taxıl sazişini xatırladıb və sonradan Rusiyanın bu sazişdən çıxmasından təəssüfləndiyini bildirib. "Qara dənizdə dinc marşrutların bərpası üçün səylər göstərdik. Bunda Türkiyə mühüm rol oynadı", - deyə Makron bildirib. Və əlavə etdi ki, “Qara dənizə gəldikdə bu yöndə Türkiyənin çox xüsusi yeri var”. Fransanın Ukraynaya qoşun göndərməsi ilə bağlı sualı cavablandıran Makron bildirib ki, bu cür birləşmələr “döyüş qoşunları olmayacaq”,onlar “çəkindirici” amil kimi sülh sazişinin bir hissəsi olacaq. O, həmçinin vurğulayıb ki, Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə etmək hələ tezdir: “Bu, Moskvanın beynəlxalq hüquqa əməl edib-etməyəcəyindən asılı olacaq”-deyə Fransa prezidenti yekunlaşdırıb.
Surxay Əliyev