İsrailin Suriyaya zərbələr endirməsi 6 mülki vətəndaşın ölümünə səbəb oldu

Dəməşq Deraaya edilən hava hücumuna görə İsraili ölkənin suverenliyini kobud şəkildə pozmaqda ittiham edib. Suriya İsrail qüvvələrinin çərşənbə axşamı ölkənin cənubunda həyata keçirdiyi hava hücumlarını qətiyyətlə pisləyib. Suriya Xarici İşlər Nazirliyinin məlumatına görə, Dəraa əyalətinin Kuvaya kəndinə hücum 6 mülki vətəndaşın ölümünə səbəb olub. Nazirlik baş verənləri “təhlükəli eskalasiya” və “beynəlxalq hüququn və suverenliyin kobud şəkildə pozulması” kimi qiymətləndirib.İsrail isə öz növbəsində İsrail ordusunun Suriyanın cənubunda guya "terrorçular" tərəfindən atəşə tutulduğunu iddia edərək cavab atəşi açdığını bildirib. Yerli hakimiyyət orqanları vəziyyətin gərginləşməsi ilə əlaqədar 350 ailənin evlərini tərk edərək müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdirildiyini bildiriblər. Dəraa valisi Ənvər əz-Zoabi hadisənin İsrail hərbi qrupunun kəndə soxulmağa cəhd etməsindən sonra baş verdiyini təsdiqləyib. Bu hücum, yerli sakinlərlə toqquşmaya, ardınca isə İsrailin artilleriya atəşinə və pilotsuz təyyarələrin hücumlarına səbəb olub. Bölgədəki ölkələr İsrailin hərəkətlərini pisləyib və bu ölkənin "təxribatçı xarakterli" və sabitliyə potensial təhlükə olduğunu vurğulayıblar. İsrail də öz növbəsində zərbələrin Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gələn qüvvələrə silahların tədarük edilməsinin qarşısını almaq məqsədi daşıdığını bəhanə etməkdə davam edir. Baş verənlərlə bağlı BMT də öz narahatlığını bildirib. BMT-nin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersen İsrailin Suriyanı zəbt etmək və cənub bölgələrinin tam silahsızlaşdırılması tələbi ilə bağlı bəyanatlarının təşviş doğurduğunu qeyd edib. Suriya İnsan Haqları Müşahidə Qrupu isə bildirib ki, İsrail hərbçiləri Quvayaya daxil olub və onlara cavab verməyə çalışan yerli sakinlərə atəş açıb. Maraqlıdır ki,İsrailin Suriyanın cənubuna və mərkəzinə hücumları Bəşər Əsəd rejiminin devrilməsindən sonra davamlı şəkil alıb. Suriya Xarici İşlər Nazirliyi İsraili ölkədə sabitliyi pozmaqda ittiham edib. Suriya prezidenti Əhməd əl-Şara Qahirədə keçirilən ərəb sammitində beynəlxalq ictimaiyyəti İsrail qoşunlarının dərhal ölkənin cənubundan çıxarılmasını tələb etməyə çağırıb.
Surxay Əliyev