Zaporojye AES-i ABŞ-a vermərik - Rusiya rəsmisi...

Rusiya çərşənbə axşamı Zaporojye Atom Elektrik Stansiyasına nəzarətin Ukraynaya və ya hər hansı bir başqa ölkəyə verilməsi ehtimalını qəti şəkildə rədd edərək, bunu “mümkünsüz” adlandırıb. Bu barədə stansiyanın “Rusiya nüvə obyekti” olduğunu və bütün işçilərinin Rusiya vətəndaşları olduğunu vurğulayan Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bir gün əvvəl isə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski telefonla enerji məsələlərini, o cümlədən Zaporojye Atom Elektrik Stansiyasının ətrafındakı vəziyyəti müzakirə ediblər. Ağ Evin məlumatına görə, Tramp ABŞ-ın Ukraynaya atom elektrik stansiyalarının idarə edilməsində öz yardımını təklif edib və qeyd edib ki, “Amerikanın bu stansiyalara sahib olması infrastruktur üçün ən yaxşı müdafiə ola bilər”. Bununla belə, Zelenskinin daha sonra bildirdiyi kimi, söhbətdə Zaporojye AES-in mülkiyyəti mövzusu qaldırılmayıb - müzakirə modernləşdirmə və investisiya haqqında olub. Rusiya Xarici İşlər Nazirliyi də dünya təcrübəsində belə presedentlərin olmadığını əsas gətirərək stansiyanın birgə, o cümlədən beynəlxalq təşkilatların iştirakı ilə idarə olunmasının mümkünlüyünü istisna edib. Departament bəyan edib ki, “təxribat fəaliyyəti” və NATO ilə Ukrayna arasında sıx əməkdaşlıq şəraitində hətta Zaporojye AES-də başqa ölkələrin nümayəndələrinin müvəqqəti olması belə mümkün deyil.
Məlum olduğu kimi,Avropanın ən böyük atom elektrik stansiyası 2022-ci ilin martından Rusiyanın işğalı altındadır. Həmin ilin sentyabrından MAQATE-nin müşahidəçiləri ərazidə daim işləyirlər. Moskva və Kiyev isə müntəzəm olaraq bir-birini zavodun ərazisini atəşə tutmaqda ittiham edirlər ki, bu da potensial nüvə fəlakəti təhlükəsini artırır.
Surxay Əliyev