Trampın xüsusi nümayəndəsi Ukraynaya daha bir haqsızlıq etdi - onların nüvə silahı heç vaxt olmayıb

Əslində, Ukraynanın heç vaxt öz nüvə silahı olmayıb; Bu silahlar həmişə Rusiya Federasiyasına məxsus olub. Bu barədə amerikalı diplomat, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenell X mikrobloqunda bildirib. O, Budapeşt Memorandumu ilə bağlı vəziyyəti “aydınlaşdırmaq” qərarına gəldiyini bildirib: sitat- "Nüvə silahları Rusiyaya məxsus idi və onun qalıqları idi. Ukrayna sadəcə nüvə silahlarını Rusiyaya qaytardı. Onlar Ukraynaya aid deyildi. Bu, əlverişsiz faktdır"- sitatın sonu.
Budapeşt Memorandumu 1994-cü il dekabrın 5-də Budapeştdə Ukrayna, Rusiya, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya arasında Ukraynanın nüvə silahından imtina etməsindən sonra onun təhlükəsizlik zəmanətləri ilə bağlı imzalandı. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ukrayna dünyada üçüncü ən böyük nüvə arsenalına sahib olan ölkə idi. Zəmanətli təhlükəsizlik müqabilində o, nüvə silahlarını Rusiyaya təhvil verməyə və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmağa razılıq verdi. Müqaviləni imzalayan tərəflər Ukraynanın ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət edəcəklərini, iqtisadi təzyiq və ya təcavüzdən çəkinəcəklərini öhdələrinə götürdülər. Bundan əlavə, Ukraynaya hücum olacağı təqdirdə onun təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcəklərinə söz verdilər.
Öz növbəsində Prezident Vladimir Zelenski müsahibəsində nüvə silahından imtina qərarının səhv olduğunu bildirib. “Əgər bunun qarşısını almaq mümkün deyilsə, onda onu NATO-ya üzvlüklə mübadilə etməyə dəyərdi” – deyə Zelenski bildirib.
Surxay Əliyev