Vaşinqton dünyanı saymadı - İsrailin Qəzzaya yeni zərbələri təsdiqləndi...

İsrailin müdafiə naziri İsrael Katz növbəti dəfə qəzzalıları,HƏMAS-ı hədələyib.O, Qəzza zolağında hərbi əməliyyatların bərpası planlarını təsdiqlədiyini bildirib. Bu barədə İsrail hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb. Katz bildirib ki, İsrail ordusunun əsas məqsədi Həmas tərəfindən saxlanılan məhbusları geri qaytarmaqdır. O, HƏMAS-ı imtina edəcəyi təqdirdə bunun “böyük itkilərə” səbəb olacağı ilə hədələyib.
Məlum olduğu kimi, İsrail martın 18-də səhər saatlarında Qəzzaya genişmiqyaslı hücumlara başlayıb. Beləliklə, yanvarın 19-dan qüvvədə olan atəşkəs pozulub. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzaya hücumlar nəticəsində 792 nəfər həlak olub. Daha 1663 nəfər yaralanıb. Martın 25-nə keçən gecə isə İsrail ordusu Qəzza zolağının müxtəlif ərazilərinə silsilə hava zərbələri endirib və nəticədə azı 20 fələstinli həlak olub. Vaşinqton beynəlxalq aləmin etirazlarına və müharibə cinayətlərində ittihamlara baxmayaraq, İsrailin Qəzzaya hərbi müdaxiləsini bərpa etməsini təsdiqləyib. Bir sözlə Ağ Ev İsrailə “sarsılmaz dəstəyini” bir daha təsdiqləyib və ona hərbi yardım vəd edib. Hüquq müdafiəçilərinin fikrincə, Vaşinqton İsrailə hərbi dəstək verməklə 1948-ci il Soyqırımı Konvensiyasını kobud şəkildə pozur. Beynəlxalq Ədalət Məhkəməsi isə ötən ilin iyununda bəyan edib ki, “soyqırımda şəriklik” təkcə ayrı-ayrı fərdlər üçün deyil, həm də dövlətlər üçün də məsuliyyətə səbəb ola bilər.
Surxay Əliyev