Mayk Uoltsa olar, Hillari Klintona olmaz?

ABŞ prezidenti Donald Tramp Ağ Evin milli təhlükəsizlik müşaviri Mayk Uoltsun təşkil etdiyi söhbətdə Yəmən husilərinə qarşı zərbələr endirilməsi ilə bağlı məlumatların sızmasına münasibət bildirib. NBC News-a. açıqlamasında Tramp deyib ki, vəziyyətin ciddi nəticələri olmayıb. "Mayk Uolts dərsini aldı və o, yaxşı insandır".Məlum olduğu kimi, qalmaqal The Atlantic-in baş redaktoru Ceffri Qoldberqin Yəməndə husilərin mövqelərinə nəzərdə tutulan zərbələrin müzakirə olunduğu qapalı rəsmi Signal messenger-də şəxsi söhbətə səhvən əlavə olunduğunu deməsindən sonra məlum olub. Buna baxmayaraq, Tramp müzakirədə jurnalistin olmasının da əməliyyata təsir etmədiyini vurğulayıb. Maraqlıdır ki,hadisədən sonra bəzi KİV-lər Uoltsun işdən çıxarıla biləcəyi ilə bağlı fərziyyələr irəli sürdülər. Axiosun mənbələri Konqresdə təhqiqatın aparılması və günahkarların cəzalandırılması üçün çağırışların olduğunu bildirib. Bloomberg isə, öz növbəsində, məxfi məlumatların paylaşılması məsələlərində Avropa müttəfiqləri tərəfindən ABŞ-a inamın mümkün azalmasına işarə etdi.
Ağ Evin bu məlumat sızması hadisəsi 2009-2013-cü illərdə ABŞ dövlət katibi olarkən rəsmi yazışmalar üçün şəxsi e-poçt serverindən istifadə edən Hillari Klintonla bağlı qalmaqalı xatırladır. Hansı ki,bu, daxili təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulması kimi ittihamlara səbəb oldu, çünki 30 mindən çox elektron məktubda məxfi məlumatların olduğu aşkarlandı. O da məlumdur ki,Tramp 2016-cı il seçki kampaniyası zamanı baş verən insidentə görə Klintonu fəal şəkildə tənqid edib,onu “cinayətkar” adlandırıb və məsuliyyətə cəlb olunmasını tələb edib.
Surxay Əliyev