Prezident bütün məsuliyyəti Mərkəzi Bank sədrinin boynuna qoymaq istəyir....

Rusiya Federasiyasının yüksək faiz dərəcəsi və pul siyasəti səbəbindən Rusiya Mərkəzi Bankının sədri Nabiullina ilə Kreml arasında gərginlik yaranıb. Dünən Rusiya insayder mənbələrindən biri Rusiya Federasiyası Federasiya Şurasının Hesablama Palatası tərəfindən 2022-ci ildən 2024-cü ilə qədər olan dövr üçün pul siyasətini araşdırmaq üçün Rusiya Mərkəzi Bankının auditinə təşəbbüs göstərdiyini bildirib. Müharibənin Araşdırılması İnstitutunun (ISW) analitikləri Nabiullina ilə Kreml arasındakı münaqişəni müstəqil şəkildə dəyərləndirmək üçün bu məlumatları təhlil ediblər. Mənbə bildirib ki, bu araşdırma əslində Kremlin Nabiullinaya hücumudur. Bununla belə, ISW analitikləri Rusiya Federasiyası Mərkəzi Bankının yoxlanmasını təsdiq edən başqa mənbələr tapmadığı üçün bu məlumatı hələ müstəqil şəkildə təsdiqləyə bilmirlər. Ukraynada davam edən müharibənin fonunda Rusiya Federasiyasında inflyasiya artmaqda davam edir. 2024-cü il dekabr ayının sonunda Mərkəzi Bank əsas faiz dərəcəsini 21% səviyyəsində saxlamaq qərarına gəldi ki, - bu da, Rusiyada 2003-cü ildən bəri ən yüksək faiz dərəcəsidir. 2025-ci ilə qədər Rusiya Federasiyası Mərkəzi Bankının faiz dərəcəsi əhəmiyyətli və artan inflyasiya təzyiqinə baxmayaraq, nisbətən mühafizəkar olaraq qalmaqda davam etdi. Bu yaxınlarda Kreml ölkədə inflyasiya səviyyəsinin 9-10% arasında olduğunu bəyan etsə də, ekspertlərin fikrincə, real rəqəmlər 20-25%-ə çatır. Ekspertlər hesab edirlər ki, belə vəziyyətdə faiz dərəcəsi daha da yüksək olmalıdır, lakin Kreml Nabiullinaya təzyiq göstərə bilər ki, onu 21%-dən yuxarı qaldırmasın. Analitiklər əmindirlər ki, Putin Rusiya Federasiyasındakı inflyasiyanın günahını Mərkəzi Bankın və şəxsən Nabiullinanın üzərinə atmağa çalışacaq. Bu, çox güman ki, Rusiya biznes ictimaiyyətinin qəzəbini Kremldən yayındırmaq üçün ediləcək, baxmayaraq ki, Nabiullina tam müstəqil pul siyasəti apara bilməyib. Mərkəzi bankın auditi isə, faiz dərəcələrinin hazırkı 21% səviyyəsindən daha da artmasının qarşısını almaq, Rusiya bizneslərinin gözləntilərini və məyusluqlarını idarə etmək,o cümlədən Kremlin ölkənin iqtisadi sabitliyi ilə bağlı rəvayətini gücləndirmək və tənzimləyiciyə siyasi təzyiq göstərmək üçün Kremlin davam edən səylərinin bir hissəsi ola bilər.
Surxay Əliyev