NYT: “Ukrayna qalıb bir kənarda Moskva ilə ABŞ danışıqlarında hərə öz xeyrini güdür”

Rusiya hakimiyyəti ABŞ prezidenti Donald Trampla danışıqları Ukraynaya aidiyyatı olmayan ayrıca sahə hesab edir. Bu barədə “The New York Times” yüksək rütbəli rus diplomatları ilə ünsiyyətdən sonra məlumat yayıb. Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vyaçeslav Nikonov nəşrə bildirib ki, Tramp və Vladimir Putin “Ukrayna ilə bağlı olmayan” “ikitərəfli gündəm” hazırlayırlar. "Ukrayna isə öz kursunu götürür. Hücum davam edir. Düşünürəm ki, Putin üçün Amerika ilə münasibətlər konkret olaraq Ukrayna məsələsindən daha vacibdir", - deyə Nikonov bildirib. Rusiya ABŞ-la danışıqlarda Amerika istehsalı olan təyyarələrin ehtiyat hissələrinin Rusiya Federasiyasına ixracına icazə verilməsində və Moskvaya birbaşa uçuşların bərpasında maraqlıdır, deyə beynəlxalq məsələlər üzrə mütəxəssis Aleksandr Dınkin bildirib. Öz növbəsində, Rusiya Federasiyası Amerika aviaşirkətlərinə 2022-ci ildə qadağan etdiyi Sibir üzərindən uçuşlara icazə verə bilər, həmçinin ABŞ-ı dost olmayan ölkələr siyahısından da çıxara bilər ki, bu da Amerika şirkətlərinə Rusiyada biznes qurmağa imkan verəcək. Ukraynaya gəlincə, Moskvadakı Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Fyodor Voitolovski bildirib ki, Rusiya atəşkəslə razılaşmadan əvvəl daha geniş razılaşma üçün “yol xəritəsi” hazırlayacaq. O, həmçinin hesab edir ki, Rusiya BMT-nin Ukraynadakı sülhməramlı qüvvələrini NATO ölkələrinin qoşunlarının daxil edilməməsi şərtiylə qəbul edə bilər. "Rusiya üçün uzunmüddətli perspektiv taktiki atəşkəsdən daha dəyərlidir. Biz Rusiya və ABŞ, Rusiya və NATO-nun bir-birinin maraq dairəsinə qarışmadan birgə yaşamasına imkan verəcək modelə gələ bilərik", - bunu isə Rusiya Xarici İşlər Nazirliyi və Rusiya Təhlükəsizlik Şurasının məsləhət şuralarında təmsil olunan Voitolovski bildirib.
"Ukrayna məsələsində isə Putin əsas məqsədlərindən əl çəkmir: “Ukraynanın heç vaxt NATO-ya qoşulmaması, Ukrayna ordusunu məhdudlaşdırılması və Rusiyanın Ukraynanın daxili siyasətinə müəyyən səviyyədə təsir göstərmək imkanı”. Bir sözlə Kreml Trampın Ukrayna ilə bağlı sülh razılaşmasından mümkün qədər çox qazanmaqda qərarlıdır, rus raketlərinin Ukraynaya atəş açmasından asılı olmayaraq ”, - deyə NYT yekunlaşdırır.
Surxay Əliyev