Ukraynanın mədən sənayesi ilə yanaşı nüvə stansiyaları da ABŞ-ın nəzarətinə keçir - saziş yaxın vaxtlarda imzalanacaq...

ABŞ prezidentinin sözlərinə görə, hazırda ərazilər və elektrik stansiyalarının mülkiyyəti məsələləri müzakirə olunur. Reuters xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqton və Ukraynanın yaxın vaxtlarda mədənçilik gəlirlərinın bölüşdürülməsinə dair saziş bağlayacağını bildirib. Tramp həmçinin Nazirlər Kabineti ilə görüşü zamanı jurnalistlərə bildirib ki, ABŞ Ukrayna ilə Amerika firmalarının Ukrayna elektrik stansiyalarına sahib olması imkanını da müzakirə edir. Lakin söhbət hansı elektrik stansiyalarından getdiyini dəqiqləşdirməyib. "İndi biz ərazilərdən danışırıq. Söhbət demarkasiya xətlərindən gedir, gücdən, elektrik stansiyalarına sahiblikdən gedir. Bəziləri deyir ki, ABŞ elektrik stansiyalarına sahib olmalıdır... Çünki bizim təcrübəmiz var", - deyə ABŞ prezidenti bildirib. Agentlik xatırladıb ki, bazar günü, martın 23-də Amerika nümayəndə heyəti Ukrayna rəsmiləri ilə, bazar ertəsi isə, martın 24-də isə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Rusiya rəsmiləri ilə görüş keçirib. Danışıqlarda əsasən Qara dənizdə atəşkəs müzakirə olunub, lakin Tramp Rusiyanın Ukraynaya qarşı apardığı hərtərəfli müharibəyə son qoymağa çalışdığı üçün başqa məsələlərin də gündəmdə olduğunu bildirib. Bundan əvvəl Financial Times qəzeti yazıb ki, ABŞ Zaporojye Atom Elektrik Stansiyasını da Ukrayna ilə faydalı qazıntı müqaviləsinə daxil etmək istəyir. İki ukraynalı rəsmi mənbəyə bildirib ki, Vaşinqton Kiyevdən birgə investisiya fonduna kimin nəzarət etməsi ilə bağlı təfərrüatlı müddəalara, eləcə də Ukraynanın nüvə stansiyaları kimi digər iqtisadi aktivlərə ABŞ-ın sahibliyini əhatə edən daha geniş çərçivəyə razılıq verməsini istəyir. Bundan əlavə, ABŞ prezidenti Donald Tramp martın 20-də bildirib ki, Birləşmiş Ştatlar “çox yaxında” Ukrayna ilə mineral ehtiyatlara dair saziş imzalayacaq. Onun sözlərinə görə, Ukrayna resursları “çox böyük dəyərə malikdir”.
Surxay Əliyev