İmamoğlu barəsində həbs qətimkan tədbiri seçildi...

İstanbul Cəza Məhkəməsi şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində prokurorun vəsatətini təmin edib və onun barəsində həbs qətimkan tədbiri seçib. İmamoğlunun tezliklə həbsxanaya aparılacağı gözlənilir.
Əkrəm İmamoğlu çərşənbə günü rüşvət almaq və terror qruplaşmasına yardım etmək ittihamı ilə saxlanılıb. Lakin o, ittihamları rədd edərək, onları “ağılasığmaz ittihamlar və böhtan” adlandırır. İmamoğlu terror ittihamı ilə həbs olunarsa, Türkiyə qanunlarına görə, bu, hökumətə bələdiyyəyə vəkil təyin etmək imkanı verəcək. Şənbə günü minlərlə insan Əkrəm İmamoğlunun müdafiəsi üçün İstanbul meriyasının və əsas məhkəmə binasının qarşısında toplaşıb, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı bibər qazından istifadə edib.Etirazçılarla polis arasında toqquşmalar İzmir vilayətində və Türkiyənin paytaxtı Ankarada ardıcıl olaraq 4 gecədir ki, davam edir.
“Türkiyə hakimiyyəti istintaqa etiraz edən 323 nəfər aksiyaçını saxlayıb”. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bazar günü səhər saatlarında açıqlama verib.
Ana müxalifət partiyası olan İmamoğlunun rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyası (CHP) həbsin siyasi motivli olduğunu deyib və bunu pisləyib, tərəfdarlarını qanuni şəkildə nümayiş keçirməyə çağırıb.
Hökumət isə məsələyə hər hansı təsir göstərdiyini inkar edir və məhkəmənin müstəqil olduğunu deyir. “Bəzi rəy sorğularında Ərdoğanı qabaqlayan 54 yaşlı İmamoğlu yaxın günlərdə CHP-nin prezidentliyə rəsmi namizədi olmalı idi”, - deyə Reuters vurğulayır. Növbəti seçkilər 2028-ci ilə təyin edilib, lakin Ərdoğan əvvəllər baş nazir vəzifəsini icra etdikdən sonra artıq iki müddət prezidentlik limitinə çatıb. Onun yenidən namizəd olması üçün ya növbədənkənar seçkilər təyin edilməli ya da konstitusiyaya müvafiq dəyişiklik edilməlidir.
Surxay Əliyev