Ukrayna bölünür: - “ABŞ Krımı Rusiya ərazisi kimi tanımaq fikrindədir”

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair sazişin tərkib hissəsi kimi Krımın rəsmi şəkildə Rusiya ərazisi kimi tanınmasını nəzərdən keçirir. Bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb. Portalın məlumatına görə, Amerika administrasiyasının nümayəndələri BMT-ni də analoji addım atmağa çağırmağın mümkünlüyünü müzakirə edirlər. Qeyd olunur ki, Tramp hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib. Daha əvvəl “The Globe and Mail” qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, ABŞ-ın Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına dair təkliflərinə Rusiya Federasiyası üçün bir sıra yeni ərazilərin tanınması, habelə Ukraynanın təbii sərvətlərinin satışından milyardlarla dollar gəlir əldə etmək hüquqlarının Vaşinqtona verilməsi daxildir.
Hələ 2024-cü ilin iyununda Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Moskvanın Ukraynadakı münaqişəni həll etməyə hazır olduğunu,lakin bunun üçün DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın regionları kimi tanınmasını nəzərdə tutduğunu bəyan etdi.
Məlum olduğu kimi, DXR, LPR, Zaporojye və Xerson vilayətləri 2022-ci il sentyabrın 23-dən 27-dək orada keçirilən “referendum”un nəticələrinə görə Rusiyanın tərkibinə daxil olub. Krım və Sevastopol isə 2014-cü ilin martında keçirilən “referendum”dan sonra Rusiya Federasiyasının tərkibinə daxil olub.
Surxay Əliyev