Tramp Yəmənə endirilən hava zərbələrini seyr etdi

Ağ Ev ABŞ prezidenti Donald Tramp və onun yaxın çevrəsinin Yəmənə hava hücumlarını izləyən görüntülərini paylaşıb. Ağ Evin Yəmənə hücumunu bir növ bəraətləndirən bəyanatında deyilir: “Prezident Tramp ABŞ-ın nəqliyyat aktivlərini qorumaq və terror təhdidlərinin qarşısını almaq üçün husilərə qarşı tədbirlər görür. Çox uzun müddətdir ki, Amerikanın iqtisadi və milli maraqları Husilərin təhdidi altındadır”.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinə Yəmən husilərinə qarşı “qətiyyətli və güclü hərbi əməliyyatlara” başlamağı əmr etməklə yanaşı İrandan husilərə dəstəyi dayandırmağı tələb edib. Son məlumatlara görə, ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölən və yaralananların sayı 50-yə yaxınlaşıb. ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yəmən ətrafındakı vəziyyəti müzakirə ediblər. Öz növbəsində İranın xarici işlər naziri Abbas Əraqçi isə bəyan edib ki, ABŞ-ın “İranın xarici siyasətini diktə etmək kimi bir səlahiyyəti yoxdur”.
Surxay Əliyev