Kurskda Ukrayna qoşunlarının mühasirəyə düşməsini Müharibə Araşdırmaları İnstitutu (ISW) da təkzib edir

Martın 14-də Tramp Truth Social-da “Minlərlə Ukrayna əsgərinin mühasirəyə alınması” barədə və Putini “onların həyatlarını sağ bağışlamağa” çağırdığı barədə yazıb. Diktator, isə öz növbəsində, Ukrayna qüvvələrinin təslim olacağı təqdirdə Rusiyanın "həyatlarına və onlarla layiqli rəftara zəmanət verdiyini" deyib.Və Ukrayna Silahlı Qüvvələrinin mülki əhaliyə qarşı cinayətlər törətməsi və Rusiyanın bunu "terrorizm" hesab etməsi barədə uydurduğu nağılı yenidən təkrarlayıb.
Müharibə Araşdırmaları İnstitutu (ISW) hesab edir ki, bu ritorika Rusiyanın Ukraynada atəşkəsdən və müharibəni bitirməkdən imtina etməsindən diqqəti yayındırmaq məqsədi daşıyır. Bunu Putinin ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşündən sonra verilən bəyanatlar da sübut edir. ISW –nin dəyərləndirməsinə görə, Kreml Ukraynanın tam təslim olması kimi uzunmüddətli planlar qurur.
Bununla belə, analitiklər Rusiya qüvvələrinin Kursk bölgəsində və ya Ukraynanın cəbhə xəttinin başqa yerlərində xeyli sayda Ukrayna qoşununu mühasirəyə aldıqlarına dair heç bir geolokasiya sübutu tapmayıblar. Maraqlıdır ki,hətta rus mibloggerləri də "mühasirə" haqda bəyanatları bölüşmürlər – deyə ISW qeyd edir. Onlardan bəziləri hətta etiraf ediblər ki, Ukrayna qoşunlarının Rusiya ərazisindən Sum vilayətinə real qaçış yolları var. Müharibə Araşdırmaları İnstitutu xatırladıb ki, 2024-cü ilin oktyabrında Putin də Kursk vilayətində 2000 Ukrayna əsgərinin “mühasirəyə alınmasından” danışıb, lakin o vaxt da bu bəyanatlar təsdiqini tapmayıb. Bununla belə, analitiklər Kursk vilayətində işğalçıların irəliləyişini qeyd edirlər. Çox güman ki, rus qoşunları Qonçarovkanı, eləcə də Zaoleşenka və Rubanşinanı tutublar. Lakin Ukrayna Müdafiə Qüvvələri hələ də “məhdud mövqelər”i əlində saxlayır.Martın 14-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Trampın Kursk vilayətində ukraynalı hərbçilərin rus işğalçıları tərəfindən mühasirəyə alınması ilə bağlı dediklərini təkzib edib. Baş Qərargahdan verilən məlumata görə, müdafiə qüvvələri yenidən toparlanaraq daha əlverişli müdafiə mövqelərinə çəkilib.
Surxay Əliyev