“Netanyahunun zehnində sülh və əmin-amanlıq üçün yer yoxdur”

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin davamlı sülhdən qaçmağa çalışdığını və beynəlxalq ictimaiyyətin Qəzzada baş verənlərə görə, İsrailə kifayət qədər təzyiq göstərmədiyini deyib. Hakan Fidan TV100 telekanalına müsahibəsində cari hadisələri, o cümlədən İsrail və HƏMAS arasında atəşkəs danışıqlarını şərh edib. Fidan bu razılaşmanın atəşkəsin ikinci mərhələsinə və davamlı sülhün bərqərar olmasına gətirib çıxaracağına ümid etdiyini bildirib. Bununla belə, o, İsrailin baş naziri Binyamin Netanyahunun dayanıqlı nizamlanmada maraqlı olmadığını vurğulayıb. “Biz bilirik ki, Netanyahunun zehnində sülh və əmin-amanlıq üçün yer yoxdur. Bunu təkcə Türkiyə deyil, bütün dünya görür. O,heç bunu gizlətmir də, birbaşa öz niyyətlərini bildirir və eyham vurur.. Biz bu gün Netanyahunun və ümumiyyətlə İsrailin gücdən necə sərxoş olduğunun şahidi oluruq”, – deyə XİN rəhbəri bildirib. Fələstinlilərin əzab-əziyyətlərinə tezliklə son qoyulacağına ümid etdiyini bildirən Hakan Fidan qeyd edib ki, Ankara bu məsələni ərəb ölkələri, İslam Əməkdaşlıq Təşkilatı və Avropa dövlətləri ilə fəal müzakirə edir. Nazir xatırladıb ki, Qəzzanın bərpası planı Ciddədə təsdiqlənib, lakin İsrail fələstinlilərə kömək etmək və onların bölgədə daimi yaşamaları üçün istənilən təşəbbüslərə qarşı şıxır. Bir sözlə İsrail bölgəni zorakılıqla dağıtmaq siyasəti yürüdür. Buna qarşı durmaq üçün beynəlxalq aləmdə iradənin olmaması səbəbindən İsrail vəziyyətdən sui-istifadə etməkdə davam edir”, - deyə Fidan yekunlaşdırıb
Surxay Əliyev