Qəzzalıların başı dərddə - Tramp və Nitanyahu onları Afrika ölkələrinə köçürür

Associated Press hər iki ölkənin rəsmilərinə istinadən xəbər verir ki, ABŞ və İsrail Qəzza zolağından fələstinlilərin köçürülməsi məqsədiylə Sudan, Somali və tanınmamış Somaliland rəhbərləriylə əlaqə saxlayıb. Agentliyin mənbələrinin məlumatına görə, danışıqlar fevral ayında Qəzzanın yenidən qurulmasıyla bağlı Tramp və Netanyahunun birgə planını təqdim etdikdən sonra başlayıb. Müzakirələrə liderliyi İsrail öz üzərinə götürüb, lakin danışıqların gedişi və iştirakçıları ilə bağlı təfərrüatlar açıqlanmır. Ölkələrə edilən şirnikləndirici təşviqlərə isə maliyyə yardımı, borcların silinməsi, silah təchizatı, texnologiya transferi və diplomatik dəstək daxildir. Sudan hökumətinin rəsmiləri Associated Press-ə Tramp administrasiyasının bu təklifini təsdiqləsələr də, “dərhal rədd edildiyini” bildiriblər. Somali və Somaliland rəsmiləri isə məsələ ilə bağlı hər hansı əlaqələrini inkar edirlər. Məlumatda qeyd edilir ki, fələstinlilərin yoxsul və zorakılıq şəraitində olan ölkələrə köçürülməsi təklifi Trampın bəyan etdiyi qaçqınlara “xoşbəxt və təhlükəsiz” həyat təmin etmək vədiylə ziddiyyət təşkil edir.Məlum olduğu kimi fevralın əvvəlində Netanyahu ilə birgə mətbuat konfransında Tramp fələstinlilərin Qəzzadan başqa ölkələrə köçürülməsi və Qəzza zolağını “Yaxın Şərq Rivierası”na çevirmə planını açıqladı.Prezident bu planı həyata keçirmək üçün Amerika ordusundan istifadəyə belə icazə verib. Tramp daha sonra Qəzzanın Tramp Qəzza Qülləsi də daxil olmaqla çimərlikləri və göydələnləri olan müasir şəhər kimi gələcəyini əks etdirən süni intellektlə yaradılmış videonu yayımladı. Videoda Trampın yarıçılpaq qadınla barda rəqs etdiyi və baş nazir Netanyahunun isə çimərlikdə dincəldiyi əks edilir