Putin ön cəbhəyə gəldi və təcili əmr verdi

Sərhəd bölgəsindəki qoşun qrupunun qərargahına baş çəkən Rusiya prezidenti ərazinin tam nəzarətə götürülməsini və təhlükəsizlik zonasının yaradılmasını tələb edib.
Belə ki, hərbi əməliyyatlar başlayandan bəri ilk dəfə Kursk vilayətinə səfər edən Rusiya prezidenti Vladimir Putin burada Kursk qoşun qrupunun komanda məntəqələrindən birində görüş keçirib. Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov qərargaha hərbi paltarda gələn Putinə yaranmış vəziyyətə bağlı məruzə edib. Məruzəni dinləyən Putin "Kursk bölgəsi tamamilə azad edilməlidir və biz dövlət sərhədi boyunca təhlükəsizlik zonası yaratmaq barədə düşünməliyik", - göstərişini verib.
Kursk vilayətində yerləşən Ukrayna hərbçilərini “terrorçu” adlandıran Rusiya prezidenti Ukrayna hərbçilərini “mümkün qədər tez” sıxışdırmaq haqda əmr verib. Və qeyd edib ki, əcnəbi muzdlular hərbi əsirlərlə rəftar haqqında Konvensiyaya daxil deyil, lakin o,bütün məhbuslarla humanist davranmağa çağırıb. Prezident həmçinin Kursk vilayətində görülən işlərə görə Baş Qərargah rəhbərliyinə təşəkkür edib.
Rusiya Müdafiə Nazirliyi martın 12-də Suca mərkəzinin rus ordusunun nəzarətinə keçməsi ilə bağlı xəbərləri şərh edərək, rus qoşunlarının Kursk vilayətində uğurla irəlilədiyini açıqlayıb.
Surxay Əliyev