DOST-la bağlı yeni prezident fərmanının camaata nə faydası dəyəcək...
Vüqar Bayramov: “DOST mərkəzləri xidmətlərinin genişləndirilməsi həm vətəndaş məmnunluğu, həm də sosial proqramlara əlçətanlığın artması baxımından vacibdir”
DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib.
Bu, Prezident İlham Əliyevin Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Dövlət sosial sığorta sistemində fərdi uçotla bağlı göstərilən xidmətlər və sığortaolunanın fərdi şəxsi hesabındakı məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətlərin qəbulu DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə edilib.
Maraqlıdır, DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısının genişləndirilməsinin əhaliyə nə kimi faydası olacaq?
“DOST mərkəzləri vasitəsilə daha çox xidmətlərin təklif edilməsi daha çox vətəndaşın sosial xidmətlərə əlçətanlığını artırır”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, DOST mərkəzləri vasitəsilə daha çox xidmətlərin təklif edilməsi daha çox vətəndaşın sosial xidmətlərə əlçətanlığını artırır: “Beləliklə, vətəndaşlarımız daha qısa müddətdə, elektron qaydada lazım olan işlərini həll edə biləcək. Bu səbəbdən də DOST mərkəzləri xidmətlərinin genişləndirilməsi həm vətəndaş məmnunluğu, həm də sosial proqramlara əlçətanlığın artması baxımından vacibdir. DOST mərkəzi, qısa müddətdə yaranmasına baxmayaraq, çoxlu sayda vətəndaşımıza xidmət edir. Cənab Prezident İlham Əliyevin imzaladığı fərman sayəsində DOST xidməti vətəndaşları daha çox məmnun edəcək. Çünki vətəndaşlara göstəriləcək xidmətlərin sayı daha da artacaq”.
Millət vəkili hesab edir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sistemi formalaşdırır.
Günel CƏLİLOVA