"Bizim üçün əsas prioritet Ermənistanla Azərbaycan arasında razılaşmanın əldə olunmasıdır" - Toivo Klaar
Avropa İttifaqı (Aİ) üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması əsas maraq kəsb edir.
Trend xəbər verir ki, bu barədə erməni KİV-ə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
"Bizim üçün əsas prioritet Ermənistanla Azərbaycan arasında razılaşmanın əldə olunmasıdır. Hər şeydən önəmlisi, bu ölkələr arasında münasibətlərin həqiqətən nizamlanmasıdır. Nəticədə, sazişin harada imzalanması ikinci dərəcəli əhəmiyyət daşıyır", - deyə o qeyd edib.
Klaar Aİ-nin hazırda tənzimlənmə prosesində irəliləyişə mane olan real səbəblər görmədiyini vurğulayıb.
Xatırladaq ki, noyabrın 18-də İrəvanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistanın sülh sazişinin əsas prinsipləri barədə razılığa gəldiklərini qeyd edib.