ABŞ Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin başlanmasını alqışladı
ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə deyib.
“Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasını davam etdirməyə razılıq verməsi xəbərini alqışlayırıq. Bu, uzunmüddətli sülh sazişinin bağlanması istiqamətində mühüm addımdır”, - deyə o bildirib.
Patel onu da qeyd edib ki, hazırda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona səfərinin mümkünlüyü ilə bağlı Birləşmiş Ştatların hər hansı bəyanatı yoxdur.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.