Senatın baş eksperti saxta genosid abidəsinin xatirinə ABŞ-dan İrəvana gəldi...
Tural İsmayılov: “ABŞ Senatının Ermənistanı saxta soyqırıma görə ziyarət etməsi onların iz üzünü, əsl simasını göstərir”
Aprelin 23-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi aparatının baş eksperti Hana Thoburn ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinnin müşayiəti ilə Erməni Soyqırımı Memorialını ziyarət edib.
Belə bir addıma ehtiyac varmı? Ümumiyyətlə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi aparatının baş ekspertinin saxta Soyqırımı Memorialını ziyarət etməkdə məqsədi nədir?
“Bu ölkələr düzlüyü qəbul etmək istəmir, onlar Ermənistanın vəhşiliklərini görməzdən gəlir, XX əsrdə Azərbaycan ərazilərində törədilən soyqırım və qətllərə isə…”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün Amerika Birləşmiş Ştatları da daxil olmaqla, Qərbdə xoşa gəlməyən mənzərə müşahidə olunur. Bunun da səbəbi siyasət, tarix, coğrafiya anlayışı olmayan şəxslərin hələ də vəzifədə olması ilə bağlıdır. Təbii ki, bu şəxslər də saxta təbliğatla məşğul olur: “Məlumat üçün deyim ki, ABŞ Senatının Nümayəndələr Palatasında təmsil olunan bir çox siyasətçi Amerikadakı erməni diaspor təşkilatının təsiri altındadır. Onlar ədalət hissini itirərək tarixə və reallığa başqa formada qiymət verməyə çalışır. Türkiyə bugünə qədər əlindəki arxiv sənədlərini açmağa hazır olduğunu bəyan etsə də, bu ölkəni soyqırımda ittiham edirlər. Ümumiyyətlə, bu ölkələr düzlüyü qəbul etmək istəmir. Onlar Ermənistan vəhşiliklərini görməzdən gəlir. XX əsrdə Azərbaycan ərazilərində törədilən soyqırım və qətllərə görə Ermənistana heç bir reaksiya verilməyib. Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vandallıqdan söhbət düşəndə bu ölkələr susmağı üstün tutur. Buna baxmayaraq, ABŞ Senatı Ermənistanı saxta soyqırıma görə ziyarət edir. Bu da onların iz üzünü, əsl simasını göstərir”.
Günel CƏLİLOVA