"Yunus Oğuzun "Cığır" romanı Zəfərə gedən yolumuzun cığırlarını göstərən bir romandır" - Cahangir Məmmədli
"Yunus Oğuz Azərbaycan tarixini, Azərbaycan tarixində iz qoymuş adamları, hadisələri son vaxtlar qələmə alan ən böyük yazıçılarımızdan biridir və mənim üçün Yunus Oğuz tariximizin bədii salnaməsini yaradan bir yazıçı, sənətkardır".
Bu sözləri Olaylar.az-a açıqlamasında BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli Yunus Oğuzun "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib:
"Mən bu günlərdə Yunus Oğuzun "Cığır" romanı ilə bağlı Azərbaycan filologiyasının zirvəsində dayanan Nizami Cəfərovun bir məqaləsini oxudum. Nizami Cəfərov həmin məqalədə mənim də ürəyimdən keçənləri ortaya qoydu. Hətta ürəyimdən keçdi ki, gərək Nizami Cəfərov mənə deyəydi və mən deyərdim ki, ikimiz də o məqaləyə imza qoyaq.
"Cığır" romanı iki cəhətdən mənə və Azərbaycana doğmadır. Çünki bir Qarabağlı kimi düşünürəm ki, "Cığır" romanı Azərbaycan və Şuşa ilə bağlı bütöv bir tarixdən bu günə gələn yolun cığırlarıdır. Qeyd edim ki, Şuşa ilə bağlı bədii əsər ortaya qoyulmalı idi. Bəziləri deyir ki, Lev Tolstoy "Hərb və sülhü"-ü 40 ildən sonra yazdı və s. Bizim ona vaxtımız yoxdur. Yunus Oğuza ən çox ona görə təşəkkür edirəm ki, o, bütövlükdə Qarabağı və xüsusilə də Şuşanı vaxt aramadan dərhal ortaya qoydu. Hətta hiss olunur ki, bu qələbədən qabaq qələmə alınmış bir romandır. O romanda qələbənin mütləq baş tutacağını, Zəfər günümüzün mütləq gələcəyini ortaya qoyur və bütövlükdə Şuşanın tarixidir. Bu mənada "Cığır" romanı mənim üçün, Azərbaycan üçün son dərəcə maraqlı bir romandır. Bir söz var, "dərdi çəkən bilər". Mən bir Qarabağlı kimi o dərdi o qədər çəkdim ki... Mənim kəndim - Ağdamın Novruzlu kəndi düşmən əlində idi və bir də tələbə vaxtı hər yayda üz tutduğum Şuşa şəhəri düşmən tapdağı altında idi. Bunu birinci növbədə bizə Ali Baş Komandanımız, Prezidentimiz qaytardı, Azərbaycan xalqının birgəliyi qaytardı. Bütövlükdə Yunus Oğuzun da romanı Azərbaycan xalqının birliyi, Prezident yüksəkliyi, zirvəsi, onun ideologiyasının qələbəsi, zəfərə gedən yolumuzun cığırlarını göstərən bir romandır. Bu romanın Dövlət mükafatına təqdim olunması mənim ürəyimdəndir və indidən Yunus Oğuzu təbrik edirəm".