Delimitasiya Əliyevin formulu ilə başladı - 4 kənd...
Arzuxan Əlizadə: “Əldə olunan razılaşma sülh sazişinin imzalanmasını tezləşdirə bilər”
Xəbər verildiyi kimi, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.
Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, ilk olaraq sözügedən 4 kəndin qeyd-şərtsiz qaytarılmasını Prezident İlham Əliyev təklif etmişdi. Görünən odur ki, bütün məsələlər mərhələli şəkildə öz həllini tapır.
“Bütün bunlar iki ölkə arasında kommunikasiya xətlərinin də açılmasına müsbət təkan verəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, bu çox önəmli uğurdur: “Şükürlər olsun ki, son günlər ard-arda şad xəbərlər eşidirik. Məlum olduğu kimi, Rusiya sülhməramlıları Qarabağı tərk edir. Bu, çox önəmli hadisə idi. Artıq 2025-ci ilin noyabrını gözləməyə ehtiyac qalmadı. Halbuki, bəzi narahatçılıqlar var idi və bunların üzərindən xətt çəkildi. İndi də 4 kəndlə bağlı razılaşmanın əldə olunması növbəti uğurumuzun göstəricisidir. Belə ki, Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri Azərbaycana qaytarılacaq. Proses 15 may 2024-cü ilədək müvafiq sənədlərin razılaşdırılması və imzalanması ilə başa çatacaq. Bundan sonrakı müddətdə çox güman ki, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin delimitasiya prosesi daha aktiv şəkildə həyata keçiriləcək. Yəni bununla bağlı proseslər sürətləndiriləcək. Əldə olunan razılaşma sülh sazişinin imzalanmasını tezləşdirə bilər. Proseslərin bu cür müsbət dinamika üzrə inkişafı sülhə olan ümidləri artırır. İstisna etmirəm ki, bütün bunlar iki ölkə arasında kommunikasiya xətlərinin də açılmasına müsbət təkan verəcək”.
Vidadi ORDAHALLI