11-cilər ingilis dilini öz dilimizdən yaxşı bilirmiş...
Elmin Nuri: “Suallarda şagirdin özünü ifadə mexanizmi üçün qoyulan tələblər daha yüksəkdir, nəinki xarici dildə”
Məlumdur ki, buraxılış imtahanlarının nəticələri artıq açıqlanıb. Imtahan nəticələri ötən illərdən fərqlənir. 11-ci buraxılış imtahanında iştirak edib yüksək bal toplamış abituriyentlərin bəzilərinin imtahan nəticələrinə nəzər saldıqda görürük ki, əksəriyyətinin xarici dil üzrə topladıqları ballar ana dilində toplanılan baldan çoxdur.
Maraqlıdır, bəs, görəsən bunun əsasında hansı amil dayanır? Ana dilinin tədrisində boşluqlar var, yoxsa suallar çətindir?
“Xarici dil suallarında əsasən standartlıq var, bu səbəbdən də gənclərimizin danışıq və qulaq asmağı zəif olmur”
Təhsil eksperti Elmin Nuri “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, abituriyentlərin azərbaycan dili nəticələri xarici dillə müqayisədə zəifdir. Bunun səbəbi azərbaycan dili suallarının məzmun standartı və məzmun tələbi ilə bağlıdır. Bu, qrammatik və məntiqi mühakimə əsasında ola bilər: “Xarici dil suallarında isə əsasən standartlıq var. Məsələn, mətn üzərində işləmə, danışıq və qulaq asma. Nəzərə almaq lazımdır ki, gənclər ingilis dilinə meyllidir. Gənclərimiz xarici musiqiyə qulaq asmağı, əcnəbi filmlərə baxmağı sevir. Bu səbəbdən də gənclərimizin danışıq və qulaq asmağı (listing and speaking) zəif olmur. Ancaq bu o demək deyil ki, gənclərimiz ana dilini xarici dillərdən zəif bilir. Hər bir azərbaycanlı öz doğma dilini yaxşı bilir. Imtahan nəticələrinin zəif olmasının səbəbi detallarla bağlıdır. Buraxılış imtahanlarında azərbaycan dilinə dair tərtib olunan suallar heç də asan olmur. Suallarda şagirdin özünü ifadə mexanizmi üçün qoyulan tələblər daha yüksəkdir, nəinki xarici dildə. Qeyd etdiyim kimi, xarici dildə standartlıq var. Müəyyən qədər söz bazası olan, testin şərtini başa düşən abituriyent verilən tapşırığı yerinə yetirə bilir. Həmçinin Azərbaycan dilindən test imtahanlarında istifadə edilən mətnlər bir sıra hallarda qəliz, mürəkkəb olur. Xarici dildə isə belə deyil”.
Günel CƏLİLOVA