İranın İrəvandakı səfiri Qarabağ müharibəsində ölmüş erməni əsgərlərinin yasını hələ də tutur...
Azər Həsrət: “İranın Ermənistandakı səfirinin cəfəng-cəfəng danışması...”
Tehran rejimi Ermənistana qardaş olduğunu hər addımda hiss etdirir. İranın Ermənistandakı səfiri Mehdi Sobhani vaxtaşırı olaraq antiazərbaycan mövqeyindən çıxış edir, hətta işğalçı Ermənistanın İkinci Qarabağ müharibəsində öldürülən əsgərlərinə, hərbçilərinə də yas tutmaqdan qalmır.
“Onlar burada bilirlər ki, sionist rejimi Cənubi Qafqazda qeyri-sabitliyin əsas amillərindən biridir və İkinci Qarabağ müharibəsində Ermənistan əsgərləri İsrail silahları ilə öldürülüb...”- Sobhani deyib.
Sobhani erməni əsgərlərinin öldürülməsini xüsusi vurğulayır, amma Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini dilə gətirmir, demir ki, Ermənistan əsgərləri Azərbaycan ərazisini işğal etmişdi və Azərbaycan Ordusu da onları məhv edib torpaqlarını təcavüzkardan azad edib. Hələ bir işğalçı ölkənin əsgərinə haqq da qazandırır, onların hansı ölkənin silahı ilə öldürüldüyünü deyir. Nə fərqi var ki, hansı ölkənin silahı ilə öldürülüblər, əsas odur ki, işğalçının burnu ovulub.
“Bu xəstə təxəyyüllü və təfəkkürlü adamlar öncə diplomatiyanı öyrənsinlər”
Sobhaninin İkinci Qarabağ müharibəsində ordumuz tərəfindən məhv edilən işğalçı əsgərlərinə göz yaşı tökməsinə münasibət bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, istər İranın ən yüksək səviyyəli dövlət rəsmisi, istərsə də diplomatik təmsilçiləri olsun, bunlar boş-boş danışmqdan sanki həzz alırlr. “Yəni nə diplomatı diplomat kimi diplomatdır, nə siyasətçisi siyasətçi kimi siyasətçidir, nə də dövlət rəhbərləri rəhbər kimi rəhbərdir. Boş danışsınlar, ortalığı qarışdırsınlar, sadəcə olaraq özlərinə sərf edən bir təbliğat qursunlar və bu təbliğatı da özəlliklə İranın daxilində ictimai rəy üçün istifadə etsinlər. İranın Ermənistandakı səfirinin cəfəng-cəfəng danışması, əlbəttə, qaşınmayan yerdən qan çıxarmaq cəhdindən başqa bir şey deyil. Sözsüz, Azərbaycan təkcə İsraildən deyil, elə Ermənistanın “böyük qardaşı” Rusiyadan da silah alıb. Bu sirr deyil ki. İsraili bir kənara qoyub Rusiyadan da danışsınlar. Heç eşitmisinizmi ki, İran səfiri, İran rəsmiləri haçansa bu məsələlərdə Rusiyanın adını hallandırsın? Halbuki, Azərbaycan silahının daha böyük kəsimi Rusiyadan alınıb. Çünki biz keçmişdə Sovetlərin tərkibində olmuşuq, o sistemləri bilirik. Yəni bizim üçün daha uyğun qiymətlər, şərtlər təklif edilib və sair. Bu baxımdan, Azərbaycan Rusiyadan daha çox silah-sursat alıb. İsraildən də nələrsə almışıq. Əgər İran səfiri demək istəyirsə erməni əsgərlərini daha çox hansı ölkənin silahları ilə öldürmüşük, birinci sırada Rusiyanın adını çəksin, İsrailə növbə bir xeyli sonra gələcək. Yəni İsrail bu sahədə ön sıralarda deyil. Ona görə də bu xəstə təxəyyüllü və təfəkkürlü adamlar öncə diplomatiyanı öyrənsinlər ondan sonra yavaş-yvaş bu cür məsələlərə rəy bildirə bilərlər”-deyə qeyd edən A.Həsrət bildirdi ki, Sobhaninin iddiası boş və mənasızdır, cəfəngiyatdan başqa bir şey deyil. Siyasi şərhçi ümid edir ki, ümumilikdə İran nə vaxtsa normal bir dövlətə çevriləcək: “Təbii ki, indiki ərazilər çərçivəsində deyil, daha kiçik ərazidə. Onu normal adamlar idarə edəcək və o zaman onun diplomatları da normal dildə danşmağa başlayacaqlar”.
İradə SARIYEVA