Bu gün Dünya Aviasiya və Kosmonavtika Günüdür
12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin “Vostok” kosmik gəmisi ilə orbitə çıxıb. Kosmik gəmi 1 saat 48 dəqiqə Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə 12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.
Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 30- dan çox ölkədən bir neçə yüz kosmonavt və astronavt olub.
Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməyilə dünyada ilk dəfə olaraq Yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da qeyd edək ki, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub.
Ölkəmizdə müvafiq sahənin inkişafı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli Sərəncamından sonra başlayıb. 2009-cu il avqustun 17-də isə dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.
Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərkosmos” ASC təsis edilib. “Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Bununla da ölkəmizin kosmik sənaye üzrə fəaliyyətinə mühüm təkan verilib.
“Azerspace-1” peykinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı əldə edə bilir. “Azerspace-1” peyki vasitəsilə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və məlumatların ötürülməsi xidmətləri təqdim edilir. Peyk Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən çox ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir. 2014-cü il iyunun 30-da “Azersky” Yerin müşahidə peyki “Satish Dhawan” Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.
Mətləb