ABŞ Ukraynaya İran silahları göndərdi...
ABŞ ordusu Yəməndə İranın dəstəklədiyi husilərə göndərilərkən ələ keçirilən İrana məxsus kiçik ölçülü silah və sursatları Ukraynaya təhvil verdiyini açıqlayıb.
Keçən həftə elan edilən transfer, Ukraynanın sursat çatışmazlığı yaşadığı və ABŞ-dakı Respublikaçılar Partiyasından olan konqresmenlərin yeni yardımların qarşısını aldıqları bir vaxtda baş verib. Lakin göndərilən silah-sursat arasında Kiyevin ehtiyacı olan artilleriya və hava hücumundan müdafiə sursatları kimi mühüm hərbi ləvazimatlar yoxdur.
"ABŞ hökuməti Ukrayna Silahlı Qüvvələrinə beş mindən çox AK-47 pulemyotu, snayper tüfəngi, RPG-7 və 500 mindən çox 7,62 mm-lik sursat verib. Bu silahlar Ukraynanın Rusiyadan müdafiəsinə töhfə verəcək. Bir briqadanı təchiz etmək üçün kifayət qədər silah var" – deyə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatından bildirilib.
CENTCOM silah və sursatların 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər İran İnqilab Keşikçiləri Korpusundan Yəməndəki Husilərə göndəərilərkən dörd gəmidə ələ keçirildiyini bildirib.
Qeyd edilir ki, hökumət bu sursatların mülkiyyət hüququnu 2023-cü il dekabrın 1-də Ədliyyə Nazirliyinin müsadirə qərarı ilə əldə edib.
TAHİR