Şuşaya böyük köç başlayır - 23 bina...
Vüqar Bayramov: “2026-cı ilədək 150 minə yaxın vətəndaş Qarabağ və Şərqi Zəngəzurda məskunlaşacaq”
Torpaqlarımız erməni işğalından azad edildikdən sonra qarşıda duran ən vacib məsələ həmin ərazilərin yenidən yaşayış üçün hazır vəziyyətə gətirilməsi və məskunlaşmanın təmin olunması idi. Artıq bu proses gedir.
Məlumdur ki, işğaldan azad olunan bir sıra bölgələrdə yaşayış bərpa edilib, əhalinin köçü davam edir. Şuşaya yaxın 1-2 ay ərzində ailələrin köçü başlayacaq. Bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov deyib.
A.Kərimov deyib ki, Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir.
“Məskunlaşma prosesinin intensivləşməsi, təbii ki, məşğulluq məsələsini də gündəmə gətirir, bu istiqamətdə də…”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağa və Şərqi Zəngəzura qayıdış intensiv şəkildə həyata keçirilir. Qarşıdakı aylarda Şuşa, Xocalı və bir neçə digər rayonlarımızda, gələn il isə Ağdam rayonunda kütləvi məskunlaşma olacaq: “Məskunlaşma prosesinin intensivləşməsi, təbii ki, məşğulluq məsələsini də gündəmə gətirir. Bu istiqamətdə də dövlət tərəfindən həm dövlət müəssisələrində iş yerlərinin yaradılması, həm də özəl sektorun cəlb edilməsi həyata keçirilir. Burada məqsəd daha çox sərmayənin cəlb edilməsi, daha çox iş yerlərinin yaradılmasına nail olmaqdır. Mən buna misallar da çəkə bilərəm. Bu il yanvarın 1-dən etibarən özəl sektorda investisiya qoyuluşu həyata keçirən şirkətlər 10 il müddətində, demək olar ki, bütün növ vergilərdən azaddır. Hətta onlar ödədikləri kommunal vergilərin 20 faizini kompensasiya kimi geri almaq hüququna malikdirlər. Bundan başqa, həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinət (600 manat) verilir. Qeyd olunan mütəxəssislərin aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub. Eyni zamanda, bugünədək həmin ərazilərə köçürülmüş şəxslərdən artıq 1300 nəfərinin məşğulluğu təmin edilib. Onlar əsasən tikinti-quraşdırma, istehsal, ictimai iaşə sahələrində işlə təmin olunublar”.
Millət vəkili hesab edir ki, 2026-cı ilədək 150 minə yaxın vətəndaş Qarabağ və Şərqi Zəngəzurda məskunlaşacaq. Bu da kifayət qədər ciddi bir rəqəmdir. Bu kontekstdən, sözsüz ki, daha yeni layihələrin və xüsusən də məşğulluğa hesablanan proqramların həyata keçirilməsi öz prioritetliyini artıracaq.
Günel CƏLİLOVA