Fransız “azad” mediasının əsl üzü - "bizi HƏMAS-a terrorçu deməyə vadar edirlər"...
Aqil Ələsgər: “Bu bir daha həm də bütün dünyaya göstərir ki...”
“Azad söz”ün, “demokratiya”nın bayraqdarı olduğunu iddia edən Fransa əslində bunun əksini sərgiləyir və qərəzli, tərəfli olduğunu göstərir. Hətta öz mediasından belə tərəfli, qərəzli olmağı tələb edir.
Başqa ölkələrdən söz, mətbuat, məlumat azadlığı tələb edən Fransa özü KİV-ni basqı altında saxlayır, onlara sərbəstlik vermək istəmir. Məlumata görə, “Frans-Press” agentliyinin rəhbərliyindən istefalar başlayıb. İstefa verənlər “bizim müxbirləri ancaq İsrail yönlü xəbər və şərhlərə üstünlük verməyə məcbur edirlər, hətta “Frans-Press”in Qəzzadakı ofisinin İsrail təyyarələri tərəfindən vurulduğunu gizlətməyə məcbur etdilər, bizi HƏMAS-a terrorçu deməyə məcbur edirlər”-deyə iddia ediblər.
Bu da Fransa demokratiyası və Fransa azad mediasının vəziyyəti, durumu. Söz azadığını əlində bayraq edən Fransa obyektiv, qərəzsiz, tərəfsiz informasiyanın qarşısını kəsir, mətbuatı tərəf kimi görsənməyə məcbur edir.
“Görünür, fransız mediasından tələb edilir ki, tərəf tutsun, hadisələrə qərəzli yanaşsın...”
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər “Bakı-Xəbər”ə şərhində “Biz Fransanın bu davranışından təəccübləndikmi? Xeyr. Faktiki olaraq biz özümüz bunu yaşamışıq. Birinci və İkinci Qarabağ müharibələrində Fransa mediası Azərbaycana qarşı qərəzli, böhtan xarakterli məlumatlar yayıb. Sentyabrda keçirilən lokal antiterror tədbirləri zamanı Qərb mətbuatı, xüsusən də Fransa mediasının məsələlərə birtərəfli yanaşdığını, qərəzli mövqe tutduğunu gördük. Fransa mediasının bizi az qala “Ermənistanın torpağını işğal etməkdə” süçladığını da açıq şəkildə görürdük. Biz ermənilərə nə qədər humanist münasibət sərgilədiksə, bir o qədər fransız mətbuatı Azərbaycana qarşı qərəzli mövqe tutdu”-deyə bildirdi.
A.Ələsgərli vurğuladı ki, hətta erməni mətbuatı da fransız mətbuatı qədər sərt yazmırdı. Jurnalistin, medianın tərəfsiz, qərəzsiz olmalı olduğunu deyən, bizdən bunu tələb edən Qərbin, çox təəssüf ki, həm mediasının, həm də beynəlxalq təşkilatlarının məsələlərə bitərəf yanaşa bilmədiklərini deyən A.Ələsgər “İsrail-Fələstin müharibəsi məsələsində də illərdir Fransanın bu mövqeyi davam edir. Görünür, fransız mediasından tələb edilir ki, tərəf tutsun, hadisələrə qərəzli yanaşsın, Fələstinin azadlığı, işğal edilmiş torpaqlarının qaytarılması üçün mübarizə aparanları bu şəkildə təqdim etsin. Bu bir daha həm də bütün dünyaya göstərir ki, Qərb mediası əslində deyildiyi, təqdim olunduğu kimi nə tərəfsizdir, nə azaddır, nə də şəffafdır. Qərb mediası Qərb dövlətlərinin, Fransanın, İngiltərənin, ABŞ-ın əlində sadəcə təbliğat vasitəsidir. O təbliğat vasitəsi ilə də istədikləri adamı qəhrəman, istədikləri adamı terrorçu elan edirlər”-deyə bildirdi.
İradə SARIYEVA