Yasamalda təhlükə - 5 mərtəbəli ev sakinlərin başına uçacaq...
Elxan Əliyev: “Bugünkü beşmərtəbəli və doqquzmərtəbəli binalar öz istismar dövrünün faydalı ömrünün 70-80 faizini bitiriblər”
Bakıda beşmərtəbəli binada yaşayan sakinlər təhlükə ilə üz-üzədir. Belə ki, paytaxtın Yasamal rayonu, Akim Abbasov 7 ünvanında istismar müddətini başa vurmuş binalarda faciənin yaşanması an məsələsidir. Köhnə binanın daşları ovulub binanın blokuna tökülür.
Sakinlər kiminsə başına daşın düşəcəyindən narahatdır. Şikayətçilər qeyd edir ki, məlum problemin həll olunması üçün aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər, ancaq onlara müsbət cavab verilməyib.
Qeyd edək ki, köhnə, istismar müddəti bitmiş binalarda bu kimi problemlər tez-tez yaşanır. Zamanla köhnə binaların daşı və ya dəmirinin tökülməsi ilə bağlı məlumatlar yayılır.
“… bütün təhlükəli vəziyyətlərə qarşı önləyici addımlar atılmalıdır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Bakıda 70-ci illərdən öncə tikilmiş yüzlərlə bina var: “Bu binaların əksəriyyəti təhlükəli vəziyyətdədir. Bəzilərinin divarlarında böyük çatlar, zirzəmilərində heç bir zaman çəkilməyən kanalizasiya suları var. Ümumiyyətlə, istənilən bina hansı qurumun balansındadırsa, bütün təhlükəli vəziyyətlərə qarşı önləyici addımlar atılmalıdır ki, həm binadakı şəxslərin, həm də kənar şəxslərin sağlamlığına və əmlakına zərər gəlməsin. Binalara cavabdeh olan qurumlar binanın uçma, dağılma təhlükəsi olan risqləri vaxtında aradan qaldırmalıdır. Bütün texniki təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tikilidən tökülən daş-kəsək insanların həyatı üçün təhlükəlidir. Vaxtında təhlükəli vəziyyətlər aradan qaldırılmayanda bədbəxt hadisələr qaçılmaz olur”.
Ekspert onu da əlavə etdi ki, bugünkü beşmərtəbəli və doqquzmərtəbəli binalar öz istismar dövrünün faydalı ömrünün 70-80 faizini bitiriblər. Onların mütləq yenilənməsi və ya bərkidilməsi lazımdır.
Günel CƏLİLOVA