Yeni Kaledoniyada çıxan jurnalda Prezident İlham Əliyevin portreti üz qabığında dərc olunub
Martın 30-da Yeni Kaledoniyada “La Voix du Caillou” jurnalında “Sakit Okeana xarici müdaxilə: Fransa vəziyyəti yaxından izləyir” adlı məqalə işıq üzü görüb. APA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin portreti olan şəkil jurnalın üz qabığında əsas xəbər kimi dərc olunub.
Məqalədə Azərbaycanın Yeni Kaledoniya xalqına dekolonizasiya işindəki haqlı mübarizəsinə verdiyi dəstək xatırlanır. Qeyd olunur ki, Yeni Kaledoniya xalqı Azərbaycanın Prezidenti və Azərbaycan xalqına öz təşəkkürünü ifadə etmək üçün Azərbaycanın Bayrağı və Dövlət başçımızın Dəmir Yumruq portretini qaldırır. Yeni Kaledoniya Parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie Line Sakilianın Fransa əleyhinə aksiyada çıxışı xüsusilə qeyd olunur.
Qeyd edək ki, M.L.Sakilia martın 21-də Yeni Kaledoniyanın mərkəzi meydanında keçirilən geniş etiraz aksiyasında Azərbaycan, eləcə də Bakı Təşəbbüs Qrupuna göstərilən dəstəyə görə təşəkkürünü ifadə etmək üçün video müraciət yaymışdı.