Ermənistan bu cinayətləri dostları ilə birlikdə törədib - Əliyev zərbə dairəsini genişlətdi...
Əli Orucov: “Bir sıra xarici dövlətlər və dairələr erməniləri himayə edərək bu cinayətlərə bais oldular”
Prezidenti İlham Əliyev Xankəndidə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən bəyan etdi ki, o vaxt və hazırda ermənilərə dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər:
“Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər”.
“Bu qanlı cinayətlərin əsas baiskarlarından biri də xaricdəki erməni diasporudur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, bir sıra xarici dövlətlər və dairələr erməniləri himayə edərək bu cinayətlərə bais oldular: “19-cu əsrdə erməniləri Qərbi Azərbaycana, Qarabağa köçürən Çar Rusiyası olub. Bu köçürmə nəticəsində əzəli dədə-baba yurdlarımızda yoxdan Ermənistan yaradıldı. Bütün bunlar azmış kimi, Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra Göyçə, Zəngəzur ermənilərə verildi. Qarabağda ermənilərə muxtar vilayət statusu verildi. Mərhələli şəkildə azərbaycanlılar Ermənistandan sıxışdırıldı. O cümlədən, Qarabağda etnik azərbaycanlıların sayı azaldıldı. Ondan sonra da 1988-ci ildə məlum hadisələr baş verdi. Bu məsələdə bilavasitə günahkarlardan biri də SSRİ rəhbəri Mixail Qorbaçovdur. Qorbaçov 1985-ci ildə ölkə rəhbəri olandan sonra ermənilər yavaş-yavaş fəallaşmağa başladılar. 1988-ci ildə Qorbaçov qəti addımlar atsaydı, nə azərbaycanlılar Ermənistandan qovulardı, nə də Qarabağda erməni separatizmi vüsət alardı. Moskva o zaman önləyici addımlar atmadı. Çünki bunda maraqlı deyildilər. Sonra elə oldu ki, SSRİ dağıldı və Boris Yeltsinin rəhbərlik etdiyi Rusiyanın yardımı ilə Ermənistan ərazilərimizi işğal etdi. Xocalı və digər soyqırımlar törədildi. Qərb bunu görməzdən gəldi. Fransa, ABŞ erməni lobbisinin təsiri altında işğala göz yumdu. Nəticədə minlərlə dinc sakin öldürüldü, yaşayış məntəqələri məhv edildi və geriyə böyük xarabalıqlar qaldı. Bu qanlı cinayətlərin əsas baiskarlarından biri də xaricdəki erməni diasporudur. Ona görə də bütün bunlara görə yuxarıda göstərilənlər məsuliyyət daşıyır”.
Vidadi ORDAHALLI